Regionların inkişafı üçün hansı işlər görülməlidir?

  05 Fevral 2020    Oxunub : 1500
 Regionların inkişafı üçün hansı işlər görülməlidir?
Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfrasda çıxış edən Prezident İlham Əliyev Azərbaycanda əhalinin yüksək templə artdığını, iqtisadiyyatın, iqtisadi inkişafın, o cümlədən iş yerlərinin yaradılmasının demoqrafik inkişafı daim üstələməli olduğunu diqqətə çatdırıb.
Prezidentin sözlərinə görə, hər bir iş yerinin yaradılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən böyük vəsait tələb olunur: "Keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir. Hesab edirəm ki, proqramın bu il icra ediləcək bütün tədbirləri həyatda öz əksini tapacaq”.

Bundan əlavə, dövlət başçısı regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq tapşırıqlar verib, bu istiqamətdə proqramda nəzərdə tutulan işlərin yüksək səviyyədə icra edilməsinin vacibliyini vurğulayıb.

Qarşıdakı illərdə regionların sosial-iqtisadi inkişafına dair hansı işlər görüləcək, yeniliklər nədən ibarət olacaq?



Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov Azvision.az -a açıqlamasında deyib ki, indiyədək reallaşdırılan proqramlar daha çox infrastrukturun yenilənməsinə və inkişafına həsr olunub. Növbəti 5 illik proqramda isə ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın dirçəldilməsi, qeyri-neft sektorunun inkişafı əsas priorotetlər sırasındadır.

“Geridə qalan müddət ərzində müəyyən mənada infrastrukturla bağlı problemlər öz həllni tapdı. Bu istiqamətdə mühüm addımlar atıldı, ciddi tədbirlər reallaşdırıldı. Bundan sonra layihə daha çox biznes mühitinin təkmilləşdirilməsi, investisiya yönümünün yaxşılaşdırılması və ölkə iqtisadiyyatına qabaqlayıcı şəkildə investisiyaların yatrılması ilə bağlı olacaq”.

E.Məmmədov hesab edir ki, yaxın müddətli perspektivdə məhz investisiya axının yüksəldilməsi və innovasiya tutumlu siyasətin həyata keçirilməsi prioritetdir.



“Bunun üçün biznes kreditlərinin, real sektora yönəlik bank kreditlərinin daha yumşaq şəkildə iqtisadiyyata istiqamətlənməsi zəruridir. Fikrimcə, 2020-ci ildə ciddi islahatların şahidi olmalıyıq ki, bu islahalatlar nəticəsində ölkə iqtisadiyyatına, real sektora istiqamətlənmiş investisiyaların həcmi kəskin şəkildə artırılsın”.

Ekspert, həmçinin qeyd edib ki, regional inkişaf baxımından ölkə iqtisadiyyatına əsaslı kapital qoyuluşlarının artırılmasına nail olunmalıdır: “Burada həm dövlət sektoru, həm də özəl sektorun üzərinə yük düşür. Özəl sektorun kifayət qədər maliyyələşməsi üçün bank kreditlərinin kəskin şəkildə artırılmasına ehtiyac var. İnvestisiyaların indiki şəraitdə əsas mənbəyi Azərbaycanda yumşaq bank kreditləri olmalıdır. Lakin bu, lazımi səviyyədə deyil. Çünki bank kreditləri əlçatan deyil. Banklar kreditləri yüksək faizlərlə verirlər. Prezident dəfələrlə bu barədə öz iradlarını bildirib”.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhəmiyyətindən danışan E.Məmmədov regionlarda görülən işlərin ölkənin ümumi inkişafı naminə faydalı olacağını vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Region   Layihə