Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşları seçkidə iştirak edə bilər - RƏSMİ

  05 Fevral 2020    Oxunub : 4159
Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşları seçkidə iştirak edə bilər - RƏSMİ
Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.
Azvision.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının seçkilərdə iştirak etmək hüququ var. Onlar səsvermə hüququndan sərbəst şəkildə istifadə edə bilərlər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikasının vətəndaşları olan Dağlıq Qarabağ bölgəsinin erməni icması digər konstitusion hüquqları ilə yanaşı, seçki hüquqlarından da məhrum olmuşdur. Ermənistan bu ərazilərdə dəfələrlə saxta seçki şousu yaratmağa cəhd göstərmişdir. Azərbaycan ərazilərində seçkilərin keçirilməsinin əsasını Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi təşkil etdiyi üçün bu “seçkilər” qeyri-legitimdir və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır.

Bəyanatda vurğulanıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisindəki 125 seçki dairəsindən 7-nin ərazisi tamamilə, 3 seçki dairəsi ərazisinin isə bir hissəsi işğal altındadır. Bununla yanaşı, digər 4 seçki dairəsi ərazisində də məcburi köçkün məntəqələri mövcuddur.

"Doğma torpaqlarından zorla didərgin salınmış məcburi köçkün vətəndaşlarımızın Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin edilmiş seçkilərdə öz konstitusion hüquqlarından istifadə edə bilmələri üçün 523 seçki məntəqəsi yaradılıb və respublika ərazisində fəaliyyət göstərən digər seçki məntəqələri kimi bu məntəqələr də seçki gününə tam hazır vəziyyətə gətirilib. Məcburi köçkün vətəndaşlarımızın respublikanın bütün regionlarına yerləşməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, böyük zəhmət və gərgin iş sayəsində bu qəbildən olan vətəndaşlarımızın səsvermə hüquqlarının tam təmin edilməsi üçün geniş şərait və hərtərəfli imkan yaradılıb.

İndiyə qədər ölkəmizdə keçirilən seçki və referendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunduğunu və milli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq qoyulmadığını diqqətə çatdıraraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi bu seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır", - deyə MSK-nın yaydığı bəyanatda qeyd olunub.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament   Deputat