“Doğrudanmı, mən bu həyatı yaşaya bilmişəm?” - 82 yaşlı Xalq artisti

  06 Fevral 2020    Oxunub : 8582
“Doğrudanmı, mən bu həyatı yaşaya bilmişəm?” - 82 yaşlı Xalq artisti
“Çalışıram ki, bundan sonra daha da müdrikləşim”

Bu gün sevilən aktyor Rafiq Əzimovun doğum günüdür. Xalq artisti 82 yaşını qeyd edir. Özəl günündə Azvision.az -ın suallarını cavablandıran qocaman sənətkar yeni yaşın təəssüratlarını bölüşüb.
- Rafiq müəllim, yaşınızın üstünə bir il də əlavə olundu. Bu, sizə necə təsir edir?

- Əgər sağlamamsa, ağlım başımdadırsa, işlədiyim məkanda, səhnədə varamsa, deməli, mənim üçün yaş həddi və fərqi yoxdur. Yaş elə məfhumdur ki, onu düzgün yaşamağı bacarmalısan.

- 82 illik böyük yol qət etmisiniz, hərdən geriyə boylanıb baxanda, nələri görürsünüz?

- Mən keçmişə baxanda fərəhlənirəm. Çünki bu ömrü istər şəxsi həyat, istərsə də yaradıcılıq anlamında doğru yaşaya bilmişəm. Keçmiş kinolent kimi gözümün qabağında canlananda özümə sual verirəm, doğrudanmı, mən bu həyatı yaşaya bilmişəm?! Çalışıram ki, bundan sonra da müdrikləşim, addımlarımı irəli atım.

- Özəl gündə özünüz barədə nə düşünürsünüz?

- Yerimdən duranda Allaha şükür etdim ki, mən bu gün varam, bu yaşı görə bildim.

- Yaşamaq üçün nədən güc alırsınız?

- Mən nikbin adamam. Bugünkü gəncliyi, teatrımızdakı gənc aktyorların istedadını görəndə fərəhlənirəm.

- Bu gün sizə nə hədiyyə etsələr, ürəyinizi oxşayar?

- Hədiyyədən söhbət gedəndə deyirəm ki, hədiyyə boş şeydir. Həyat gözəldir. Həyatdan zövq almağı bacarmalısan. Mənim doğum günümü təbrik edənlərə də xoşbəxtlik arzulayıram.

- Bəs, övladlarınız, nəvələriniz sizi necə təbrik etdilər?

- İki oğlum, 4 nəvəm, bir nəticəm var. Hamısı ali savadlıdır. Evdən teatra gələnə kimi hamısı mənə zəng edib, bir-bir təbrik etdi. Sizə bir sir açım. Mənim şəxsiyyət vəsiqəmdə doğum günüm ayın 4-dür. Ancaq tələbəlik illərindən doğum günümü ayın 6-sı qeyd edirəm. Mənə deyirlər, sən iki dəfə ad günü edirsən. Deyirəm, kim nə zaman bilirsə, o vaxt zəng edir, mən də bundan xoşlanıram.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Xalq-artisti   Aktyor