Baş Qərargah rəisi NATO generalı ilə Qarabağı müzakirə etdi - VİDEO
Baş Qərargah rəisi bildirib ki, müxtəlif sahələrdə aparılan Azərbaycan-NATO əməkdaşlığının əsas məqsədi Avro-Atlantik məkanda, həmçinin dünya miqyasında vahid təhlükəsizlik sisteminin yaradılmasında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasıdır.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını xatırladaraq məsələnin həlli yolunun beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsi olduğunu xüsusi qeyd edib.
Baş Qərargah rəisi NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində general T.Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
General T.Volters NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə növbəti görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Azvision.az
Teqlər: NəcməddinSadıkov Görüş