Qubada 3 ev yanıb - FHN yeni məlumat yaydı

  07 Fevral 2020    Oxunub : 1401
 Qubada 3 ev yanıb - FHN yeni məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Qubadakı yanğınla bağlı yeni məlumat yayıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, 7 fevral 2020-ci il tarixində Quba rayonunun Qalxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km-dən artıq məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayasının yanması və yanğının evlərə keçməsi ehtimalı nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının və daha böyük itkilərin qarşısı alınıb. Hadisə nəticəsində sahəsi müvafiq olaraq 100 kv.m. və 80 kv.m. olan iki ədəd ev, sahəsi 100 kv.m. olan digər evin 30 kv.m. hissəsi, ümumi sahəsi 120 kv.m. olan 6 ədəd tövlə və 4 ədəd ot tayası yanıb. Ətrafdakı evlər, tövlə və ot tayaları yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: Quba   Yanğın