Azərbaycanlı turistlərə Ermənistanla bağlı xəbərdarlıq

  07 Fevral 2020    Oxunub : 1970
Azərbaycanlı turistlərə Ermənistanla bağlı xəbərdarlıq
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə müraciət edib.
Assosiasiyadan Azvision.az -a verilən məlumata görə, yanvarın 22-dən Misirin Şarm El Şeyx şəhərinə avia biletlər satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətləri Ermənistanın “Anriva Tour” şirkətinə keçib.

Bununla da Misir aviaşirkətinin Gürcüstanda kommersiya nümayəndəliyi dəyişib və “Air Cairo” hava yollarının Gürcüstan üzrə nümayəndəliyi Ermənistan şirkəti təyin olunub. Artıq “Anriva Tour” bununla bağlı turizm şirkətlərinə müraciət ünvanlayıb. Müraciətdə “Anriva Tour” şirkəti narahatlığa əsas olmadığını və uçuşların əvvəlki qaydada həyata keçiriləcəyini bildirib və “İnterco Travel” ilə iş birliyində olan turizm şirkətlərini əməkdaşlığa çağırıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanarkən daxil edilən şəxsi məlumatların şirkətin İrəvan şəhərində yerləşən baş ofisində toplandığını, təxribat yönümlü halların baş vermə riskinin yüksək olduğunu, eyni zamanda zərurət yarandığı təqdirdə Ermənistan hava limanlarına belə eniş etmə niyyətlərinin açıqlamasını nəzərə alıb yaranmış vəziyyətlə bağlı vətəndaşlara və turizm şirkətlərinə müraciət edərək “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanmağı və əməkdaşlıq etməyi məqsədə uyğun saymır. O üzdən Misirə uçmaq üçün digər alternativ yollarından istifadə etməyi məsləhət görür.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin Azərbaycanın turizm bazarına da çıxış əldə etmək üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyi riskini nəzərə alaraq turizm şirkətlərini diqqətli olmağa çağırıb.

Azvision.az

Teqlər: Turizm   Səfər