Statistika Komitəsi ötən il hansı işləri görüb? - Hesabat

Statistika Komitəsi ötən il hansı işləri görüb? -   Hesabat
  07 Fevral 2020    Oxunub:3535
Fevralın 7-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələri rəhbərlərinin iştirakı ilə statistika orqanlarının ötən ildəki fəaliyyəti və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamızın dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə, geosiyasi və iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanındığını diqqətə çatdırıb.

Qeyd edib ki, artıq keçid dövrünü geridə qoyan ölkəmizin hərtərfli inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli və dinamik sosial-iqtisadi inkişafın dayanıqlığının təmin edilməsidir. Bildirib ki, ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2 faiz təşkil edib, o cümlədən qeyri neft-qaz sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,2 faiz, qeyri neft-qaz sənaye məhsulu 14,3 faiz, əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Ümumilikdə, son 16 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,4 dəfə, o cümlədən qeyri neft-qaz sektoru üzrə 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri neft-qaz sənayesi üzrə 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, yük daşınması 2,1 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 14,2 dəfə, dövlət büdcəsinin gəlirləri 20,0 dəfə, xərcləri 19,8 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10,0 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, o cümlədən idxal 5,2 dəfə, ixrac 7,6 dəfə, qeyri neft-qaz məhsullarının ixracı 5,2 dəfə artıb, işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4.8 faizə enmiş, bu illər ərzində 2 369,0 min iş yeri yaradılıb.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi statistikanın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən islahatlar və qurumun 2019-cu ildəki faəliyyəti barədə ərtaflı məlumat verib.

Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsi məqsədilə zəruri tədbirlər görülür, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” ugurla icra olunur. Statistik infrastrurukturun yenilənməsi, statistik istehsal prosesinin səmərəliliyinin yüksəldilməsi, milli və beynəlxalq tələblər nəzərə alınmaqla hesabat formalarının və metodoloji tövsiyələrin təkmilləşdirilməsi, habelə statistik vahidlərlə və istifadəçilərlə işlərin təşkili sahəsində mühüm tədbirlər həyata keçirilib. Dövlət Proqramı çərçivəsində Zərdab, Göygöl və Şamaxı rayon statistika idarələrinin yeni inzibati binaları tikilərək istifadəyə verilib.

Kollegiya iclasında vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini diqqət mərkəzində saxlamış və öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş 2019-cu il üçün statistik işlər proqramı, metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları əsasında qurmuş və qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olunmuşdur.

Qeyd olunub ki,“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli, 1040 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli, 517 nömrəli qərarına uyğun olaraq Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələrin icrası vaxtında təmin edilmiş,2019-cu ilin 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması keçirilib.

İnnovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən zəruri addımlar atılır, bir çox beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edilir, qabaqcıl ölkələrdə tətbiq edilən innovativ yanaşmalar və ən yeni standartlar öyrənilərək onların milli statistika sisteminə inteqrasiyası həyata keçirilir. İstifadəçilərin statistik məlumatlardan daha səmərəli şəkildə yararlanmağını təmin etmək məqsədilə Komitənin internet səhifəsində “Şəxsi kabinet” bölməsi yaradılıb.

Statistika sahəsində İKT-nin inkişafı və ticarət şəbəkələri ilə partnyor münasibətlərinin yeni müstəvidə qurulması istehlak qiymətlərinin qeydiyyatı prosesini daha da təkmilləşdirməyə imkan verib. Belə ki, Bakı və ölkənin digər iri şəhərlərində fəaliyyət göstərən iri ticarət şəbəkələri ilə əldə olunmuş razılığa əsasən 2019-cu ilin yanvar ayından etibarən Dövlət Statistika Komitəsinə elektron formada təqdim olunan pərakəndə satış qiymətlərinə dair məlumatların istehlak qiymətləri indeksinin hesablanması üçün nəzərdə tutulan məlumat bazasına inteqrasiyasına başlanıb. Ticarət şəbəkələrindən qiymət məlumatlarının elektron formada əldə olunması istehlak qiymətləri indeksinin hesablanmasının keyfiyyətinin artırılmasına imkan yaratmaqla yanaşı, MDB məkanında ilk təcrübə olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının 17.10.2016-cı il tarixli, 1/1-06 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Statistika Komitəsi tərəfindən göstərilən xidmətlərlə bağlı “ASAN xidmət indeksi” üzrə Agentliyin 2019-cu ildə apardığı qiymətləndirmənin nəticələrinə əsasən tərtib edilmiş reytinq cədvəlində Dövlət Statistika Komitəsi 38 qurum (o cümlədən 21-i mərkəzi icra hakimiyyəti orqanı) arasında 2-ci mövqedə qərarlaşıb.

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatların geniş kütləyə çatdırılması, habelə DİM-ə milli səviyyədə nailolma vəziyyətinin monitorinqi və qiymətləndirilməsi, DİM sahəsində maarifləndirmə, qabaqcıl təcrübələr, həyata keçirilən tədbirlər və baş verən yeniliklər barədə ictimaiyyətin məlumatlandırılması üçün əlverişli informasiya mühiti yaradan vahid milli onlayn məlumat mənbəyi yaradılıb. Azərbaycan və ingilis dillərində olan Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı Dövlət Statistika Komitəsinin serverində sdg.azstat.org ünvanında yerləşdirilib.

2019-cu ildə Dövlət Statistika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də metodoloji bazanın möhkəmləndirilməsi olmuş, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla 53 metodoloji material hazırlanıb. Onlardan 35-i rəsmi statistika hesabatı formalarının tərtib olunmasına, 18-i isə statistik müayinələrin keçirilməsinə, müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsinə dair metodologiyaya, əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərlik səviyyəsini xarakterizə edən və mikro, kiçik və orta sahibkarlıq statistikası üzrə göstəricilər sistemlərinə aid olub.

Hesabat dövründə Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla məlumat mübadiləsi təşkil edib ki, ötən ildə BMT və onun regional təşkilatları, Avropa İttifaqı, BVF, BƏT, YUNİSEF, YUNESKO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə fəal əməkdaşlıq davam etdirilib. Milli metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsinin aparılması, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq məlumat portallarında Azərbaycan Respublikasına aid statistik məlumatların yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlarla və onların Azərbaycandakı nümayəndəlikləri ilə işlərin təşkili əsas vəzifələrdən biri olib.

“Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihələri yekunlaşıb. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi və Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb.

Ölkə və onun regionları üzrə sosial-iqtisadi vəziyyəti əks etdirən icmal statistik və təhlili məlumatlarla idarəetmə orqanlarının və digər istifadəçilərin təmin edilməsi məqsədilə aparatın şöbələri və yerli statistika orqanları tərəfindən il ərzində ümumilikdə 2080 təhlili məruzə və 33 statistik məcmuə hazırlanıb. Komitənin internet səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilib və yenilənib, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilib. Nəticədə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 95,0 faizi ötmüş, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 2,9 milyon müraciət daxil olub, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlib.

Daha sonra 2019-cu ildə də statistika sistemindəaparılmış sistemli islahatlar, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında, emalında və yayılmasında informasiya texnologiyalarının tətbiqi, məlumatların keyfiyyətinin artırılması, DİM və Strateji Yol Xəritələrində nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində statistika orqanları tərəfindən görülmüş əsas işlər barədə hesabat müzakirə edilib, əldə olunan nailiyyətlərlə, həmçinin yol verilmiş nöqsan və çatışmazlıqlarla bağlı Dövlət Statistika Komitəsi aparatının şöbə müdirlərinin və yerli statistika orqanlarının rəhbərlərinin çıxışları dinlənilib.

Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Azvision.az


Teqlər: Komitə   Hesabat   Müşavirə  





Xəbər lenti