Parlament seçkilərində səsvermə başladı

 Parlament seçkilərində səsvermə başladı
  09 Fevral 2020    Oxunub:3009
Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar səsvermə başlayıb.
Azvision.az xəbər verir ki, yerli vaxtla saat 08.00-da səsverməyə start verilib.

Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

M.Pənahov Milli Məclisə seçkilərin 125 dairə üzrə 5573 seçki məntəqəsində keçirildiyini, 1000 məntəqədə, yəni məntəqələrin 20 faizində veb-kameraların quraşdırıldığını nəzərə çatdırıb: "5 milyon 329 min 460 nəfər Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edə biləcək. Seçkidə 1314 namizəd mübarizə aparır".

MSK sədri qeyd edib ki, seçkidə müşahidə aparmaq üçün 883 beynəlxalq, 77 min 790 yerli müşahidəçi qeydiyyatdan keçib.

M.Pənahov, həmçinin bildirib ki, seçkiləri 132 beynəlxalq KİV işıqlandıracaq: "Seçkilərdə "exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb ki, onların da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə quracaq. Beləliklə, parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi və “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb”.

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Seçki   MSK   Deputat   Parlament  





Xəbər lenti