Sabahkı seçki ilə bağlı statistik məlumatlar - VİDEO

  Sabahkı seçki ilə bağlı statistik məlumatlar -    VİDEO
  08 Fevral 2020    Oxunub:6552
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirib.

Azvision.az xəbər verir ki, MSK sədri bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib.
Onun sözlərinə görə, parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçiriləcək. 125 dairənin 10-u məcburi köçkün dairələridir. Sabah keçiriləcək seçkidə 340 min 689 məcburi köçkün 523 məntəqədə səs verə biləcək.



Bundan əlavə, 5573 məntəqənin 1000-də veb-kameralar quraşdırılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb. 5 milyon 329 min 460 vətəndaş 9 fevral parlament seçkilərində səsvermə hüququndan istifadə edə biləcək.

MSK sədri diqqətə çatdırıb ki, parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq. Qeydə alınanlardan 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Ümumilikdə partiya mənsubiyyəti olan namizədlərin sayı 305-dir.

Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır. Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyədək 321-i namizədliyini geri götürüb, 2 nəfərin isə namizədliyi ləğv edilib.

Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si QHT-lərin təmsilçiləridir.

M.Pənahov vurğulayıb ki, parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıra biləcək. Bu KİV-lər 47 ölkəni təmsil edirlər. Buraya ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrin media təmsilçiləri daxildir.

Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti