“Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirildi

“Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirildi
  08 Fevral 2020    Oxunub:3536
Fevralın 8-də “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə onlayn mərhələsinin ilk sınaq imtahanı keçirilib.
Azvision.az xəbər verir ki, imtahan saat 10:00-da və 15:00-da olmaqla iki növbədə təşkil edilib. İştirakçılar əvvəlcədən şəxsi kabinetlərinə göndərilən müvafiq vaxta uyğun imtahana qatılıblar.

Suallar tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılıb. Ümumilikdə 84 sual üçün iki saat vaxt ayrılıb. Sınaq imtahanında 6944 namizəd iştirak edib. İmtahan müddəti müsabiqənin işçi qrupu tərəfindən xüsusi nəzarətdə saxlanılıb. “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi və sosial şəbəkələr üzərindən 1793, elektron poçt vasitəsilə ünvanlanmış 2500-dən çox müraciət cavablandırılaraq iştirakçılara dəstək göstərilib. Sınaq imtahanın nəticələri növbəti mərhələlərdə iştirakçıların nəticələrinə təsir etmir. Ümumi biliklər üzrə onlayn mərhələnin əsas imtahanı fevralın 16-da keçiriləcək.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Azvision.az



Teqlər: Yüksəliş   Müsabiqə  





Xəbər lenti