Bu gün Azərbaycanda parlament seçkiləridir

 Bu gün Azərbaycanda parlament seçkiləridir
  09 Fevral 2020    Oxunub:3432
Bu gün Azərbaycanda növbədəkənar parlament seçkiləri keçiriləcək.
Azvision.az xəbər verir ki, seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə baş tutacaq. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da yekunlaşacaq.

Parlament seçkilərində 5 milyon 329 min 460 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki məntəqələrinə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb.

Milli Məclisə seçkilərdə deputat mandatı qazanmaq uğrunda 1314 namizəd mübarizə aparacaq. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Namizədlərin 79 faizi kişilər, 21 faizi qadınlardır. Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyədək 321-i namizədliyini geri götürüb, 2 nəfərin isə namizədliyi ləğv edilib.

Seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı 77 min 790-dır. Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıracaq.

Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti