Səsvermə başa çatdı

 Səsvermə başa çatdı
  09 Fevral 2020    Oxunub:4673
Fevralın 9-da saat 08.00-da başlanan Azərbaycan Respublikası Milli Məclisinə seçkilər saat 19.00-da başa çatıb.
Azvision.az xəbər verir ki, seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib. Məntəqələrdə 5 milyon 329 min 460 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb.

Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparıb. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil ediblər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790 olub. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırıb. Bu KİV-lər 47 ölkəni təmsil ediblər.

Qeyd edək ki, bu gün saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanıb.

Azvision.az


Teqlər: Seçki   Milli-Məclis  





Xəbər lenti