Müşahidəçinin öldürülməsi xəbəri yalandır - Baş Prokurorluq

  09 Fevral 2020    Oxunub : 79317
 Müşahidəçinin öldürülməsi xəbəri yalandır - Baş Prokurorluq
Sosial şəbəkədə guya seçki məntəqəsində müşahidəçinin öldürülməsilə bağlı yalan məlumat yayılıb.
Baş Prokorurluğun Mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib.

Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və yaxəsarət izi aşkar olunmayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmamış, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirib və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: Baş-Prokurorluq   Seçki