9 min nəfər ictimai işlərdən kənarlaşdırılıb, yeniləri cəlb edilib

   9 min nəfər ictimai işlərdən kənarlaşdırılıb, yeniləri cəlb edilib
  11 Fevral 2020    Oxunub:2912
“İşsizin dostu” proqramı çərçivəsində aparılan nəzarət tədbirləri nəticəsində ötən il 9 min şəxs ictimai işlərdən kənarlaşdırılıb və yeni şəxslər bu işlərə cəlb edilib.

Bunu Azvision.az -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq bu sahədə nəzarətin gücləndirilməsi üçün geniş tədbirləri nəzərdə tutan monitorinq proqramı hazırlanaraq icra edilir.

"Onu da bildirək ki, ictimai işçilərin əməkhaqları 2019-cu ilin sentyabr ayının əvvəlindən minimum əmək haqqı artımı ilə əlaqədar 180 manatdan 250 manata çatdırılıb. İctimai işçilərin saxlanması üçün “DOST İş Mərkəzi” tərəfindən 2019-cu il ərzində 95 milyon manata yaxın vəsait sərf edilib".

F. Talıbov qeyd edib ki, proqram çərçivəsində ötən il 38 min ödənişli ictimai iş yeri yaradılıb: "Proqrama yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən siyahılar üzrə işsiz və işaxtaran şəxslər cəlb ediliblər və hər biri ilə əmək müqaviləsi bağlanmaqla onların əmək hüquqları yaranıb.

Eyni zamanda, “İşsizin DOSTu” proqramının icrası ilə bağlı nazirlik monitorinqlər həyata keçirib, həmçinin “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin olunan vətəndaşların siyahısı ictimai açıqlıq üçün nazirliyin rəsmi saytında təqdim edilib. Monitorinqlərin nəticələri yerli İcra Hakimiyyətlərinə, habelə proqramın icrası ilə bağlı aşkar olunan hüquq pozuntuları barədə məlumatlar aidiyyəti orqanlara təqdim edilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti