Sertifikasiyadan keçməyən həkimlərin əmək müqaviləsi ləğv edildi

 Sertifikasiyadan keçməyən həkimlərin əmək müqaviləsi ləğv edildi
  11 Fevral 2020    Oxunub:3762
1 yanvar 2017-ci il tarixindən Mingəçevir şəhəri və Yevlax rayonunda, 16 fevral 2018-ci il tarixindən 2019-cu ilin sonuna qədər Ağdaş rayonunda icbari tibbi sığorta pilot layihə şəklində tətbiq edilib. Bu dövr ərzində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında (Mingəçevir ŞMX) “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiyadan təkrarən keçməyən 10 nəfər, Yevlax rayon Mərkəzi Xəstəxanasında (Yevlax RMX) isə 7 nəfər tibb işçisinin əmək müqaviləsi (Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi) ləğv edilib.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar Mingəçevir ŞMX və Yevlax RMX-nın hər biri üzrə 1 nəfərin əmək müqaviləsinə xitam verilib.

"Mingəçevir ŞMX-da 6 nəfərin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda), 1 nəfərin əmək müqaviləsi isə 70-ci maddənin b bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə ləğv edilib.

Ağdaş rayon Mərkəzi Xəstəxanasında 4 nəfər tibb işçisinin əmək müqaviləsi əmək intizamına görə, 4 nəfərin əmək müqaviləsi isə digər əsaslarla ləğv edilib.

Əmək Məcəlləsinin 186.2-ci maddəsinə uyğun olaraq bəzi işçilərə əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə, yaxud keyfiyyətsiz yerinə yetirdiyinə, Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə intizam tənbehləri verilib", - məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tibb   Sığorta   Xəstəxana  





Xəbər lenti