“İqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib” - Mikayıl Cabbarov

  11 Fevral 2020    Oxunub : 1897
“İqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib” - Mikayıl Cabbarov
Fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı münasibətilə konfrans keçirilib.
Azvision.az -ın məlumatına görə, tədbirdə vergi orqanlarının əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, iqtisadçı ekspertlər və iş adamları iştirak ediblər.

Konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə ölkəmizin iqtisadi inkişafı, vergi siyasətinin əsas istiqamətləri və aparılan islahatlar, vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklər və onların ölkə iqtisadiyyatına təsiri, şəffaflıq istiqamətində yeni çağırışlar, vergi orqanlarının sahibkarlarla yeni iş prinsipləri barədə danışıb. Nazir bildirib ki, 2019-cu il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, yeni vergi güzəştləri mexanizminin tətbiqi biznesin “kölgə”dən çıxmasına zəmin yaradıb. Bütövlükdə, işgüzar dairələrin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir.

İqtisadiyyat naziri vergi sisteminin iqtisadi tənzimlənmədə və sahibkarlığın inkişafında mühüm rol oynadığını qeyd edib, iqtisadi inkişafın işgüzar fəallığa və biznesin çevikliyinə bağlı olduğunu, kiçik və orta biznesin məşğulluqda, davamlı və dayanıqlı iqtisadiyyatda rolunun artırılmasının önəmini vurğulayıb, fəaliyyətində şəffaflığı təmin edən sahibkarlara təşəkkür edib.

M.Cabbarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla bir qrup vergi xidməti əməkdaşının təltif edildiyini diqqətə çatdırıb, vergi orqanları əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına xidmətin kollektivi adından minnətdarlığını bildirib.

Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda təqdimatla çıxıb edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.

Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) rəhbəri Nuran Kərimov “Kölgə iqtisadiyyatı” ilə mübarizə və şəffaflıq”, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev “Vergi sahəsində sahibkarlar üçün yaradılmış münbit şərait”, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev “Şəffaf uçot, asan hesablama, dürüst hesabatlılıq vergi inzibatçılığının əsas istiqaməti kimi”, “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov “Vergi siyasətinin investisiya mühitinə təsiri”, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Vergi orqanı: dünən, bu gün” mövzusunda çıxış ediblər.

Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndirib, iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə aparılan islahatlara dair təkliflər səsləndiriblər.

Konfrans öz işini panel iclasında davam etdirib. İclasda iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Azvision.az

Teqlər: MikayılCabbarov