Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər

 Ermənistandakı siyasi xaos  - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
  12 Fevral 2020    Oxunub:12724
Bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası və onun strukturundakı qurumların Bakı və Ankaraya tətbiq etdiyi ikili standartlardan söz açıb.
Dövlət başçısı təəssüf hissi ilə qeyd edib ki, Avropa Şurasında deqradasiya prosesi gedir və bu təşkilat beynəlxalq aləmdə əhəmiyyətini itirir, dünyada baş verən proseslərə təsir göstərmək iqtidarında deyil.

Azərbaycan lideri qurumun nüfuzunun aşağı düşməsinin əsas səbəbinin orada hökm sürən riyakarlığın, ikili standartların və ədalətsizliyin olduğunu açıq şəkildə bəyan edib.

“Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki, təxminən 20 ildir ki, müxtəlif dövrlərdə Azərbaycan siyasi sifariş əsasında hədəf seçilib, ölkə haqqında olmayan yalanlar uydurulur və yayılır. Azərbaycan geridə qalmış ölkə kimi təqdim olunur, ölkəmizdə baş verən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik” , - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Bu mənada, nümunə kimi Ermənistanı göstərmək olar.

Prezident çıxışında qeyd edib: “Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o, fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə, onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun”.

Qocaman və "böyük" beynəlxalq təşkilatlardan birinin Azərbaycana qarşı belə açıq-aşkar, hətta qabarıq şəkildə ikili münasibəti ədalətsizlikdir. Doğurdan da, Azərbaycanı və Türkiyəni zəhərləyən Avropa Şurasının Ermənistanın beynəlxalq öhdəliklərini açıq-aşkar pozduğunu görməməsini necə izah etmək olar?

Bu ölkədə siyasi motivli təqiblər sözün həqiqi mənasında "gözə girir". Ermənistandakı daxili siyasi çəkişmələri, təqibləri, qanunsuzluqları anlamaq üçün bir neçə misal göstərmək kifayətdir.

Məsələn, bu yaxınlarda, yanvar ayında erməni müxalifət fəallarının tutulması ilə bağlı məlumatlar yayıldı. Belə ki, yanvarın 28-də dörd erməni müxalifət lideri – “Adekvad” partiyasının qurucuları Artur Danielyan və Konstantin Ter-Nakalyan, həmçinin Qriqor Minasyan və Azat Adamyan polisə aparılıb.

Erməni bloqerlərin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əsas məqsədi şəxsi yazışmalara daxil olmaq və smartfonlara proqramlar yükləmək üçün aktivistlərin telefonlarını əldə etmək olub. Üstəlik, bütün bunların baş nazir Nikol Paşinyanın şəxsi əmri ilə edildiyi iddia olunur.

Elə həmin gün Ermənistan polisi müxalif bloqer, VETO hərəkatının qurucusu Narek Malyanı qanunsuz silah saxlamaq şübhəsi ilə saxlayıb.

Qeyd edək ki, Narek Malyan Soros Fondunun Ermənistandakı əsas əleyhdarlarından biridir. O, mövcud hökumətə qarşı mübarizə aparan “Adekvad” partiyasının qurucularından sayılır.

Qəribədir, amma nə ABŞ-ın Ermənistandakı səfirliyi, nə də Avropa təşkilatlarının nümayəndələri bu yüksək siyasi qalmaqalın fərqinə varmadılar. Nədənsə, yüksək statuslu qurumlar bu vəziyyətdə insan hüquqlarının xüsusi fundamental pozuntularını görmədilər.

Bütün bu faktlar heç bir halda Ermənistanın daxili siyasi həyatında ilk və çox güman ki, son deyil. Lakin bu kampaniyanın təşkilatçısı və ideoloji müəllifi Ermənistanın "küçə demokratın"dan başqa biri deyil. Hansı ki, o, bu yaxınlarda Ermənistanda "qanun və qaydanı" bərqərar etmək üçün səylərini əsirgəməyəcəyinə söz vermişdi.

Ermənistanın baş nazirinin anlayışındakı "qanun və qayda" daxili düşmənləri ilə haqq-hesab aparmaq üçün bir vasitədir. Bütün bunlar isə aşağıdərəcəli serialların süjetindəki kimi ucuz qisas kimi görünür.

Yaxın keçmişdə siyasi təqiblərin qurbanı olan bir şəxs hakimiyyətə gəldikdən sonra ölkəni ayağa qaldırmaq, sosial-iqtisadi və demoqrafik böhranı dayandırmaq, heç olmasa vətəndaşlarının soyuducularını doldurmaq üçün heç bir iş görmür. Səylərini siyasi rəqiblərinin təqiblərinə və müxaliflərin ailə üzvlərinə yönəldir.

Nümunələr üçün uzağa getməyə ehtiyac yoxdur. Hətta erməni mətbuatının səthi təhlili bu ölkədə "cadugər ovunun" nə qədər geniş inkişaf etdiyini göstərir. Maraqlıdır, görəsən niyə Avropa Şurası bu cür qərəzli siyasi könüllülük faktlarına cavab vermir, yaxud biganə yanaşır?

Guya demokratiya, bərabərlik və ədalət prinsiplərinə söykənən təşkilat Ermənistandakı insan hüquqlarının pozulması faktlarına göz yumur, eyni zamanda Azərbaycana gəldikdə isə faktları şişirdir.

Yekunda, bütün bu vəziyyətdə kim itirəcək - Azərbaycan, yoxsa Avropa Şurası?

Sual, necə deyərlər, ritorikdir.


Ermənistanda siyasi səbəblərə görə təqib olunan şəxslərin içində keçmiş yüksək vəzifəli məmurlar, onların yaxın qohumları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri də var. Məsələn, Ermənistanın üçüncü prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan 1 milyon dollardan çox pul oğurluğunda ittiham olunur. 2019-cu il dekabrın ortalarında Sarkisyanın əmlakına həbs qoyulub. Bu ilin yanvar ayında daha dörd şəxsə dövlət dəstəyi proqramı çərçivəsində ayrılmış 489 milyon 160 min 310 dram (1 milyon 20 min dollar) mənimsəmə ittihamı irəli sürülüb.

Serj Sarkisyanın qardaşı Levon Sarkisyan qanunsuz yolla vəsait əldə etməkdə, vergidən yayınmada ittiham olunur. Axtarışa verilib. Çex Respublikasından Ermənistana ekstradisiya edilən Levon Sarkisyanın oğlu Narek Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik maddə saxlamaqda şübhəli bilinərək tutulub. O, hazırda həbsdədir.

Levon Sarkisyanın qızı Ani Sarkisyan qeyri-qanuni vəsait əldə etməkdə, vergidən yayınmada ittiham olunur. İstintaq zamanı o, Ermənistanı tərk etməmək barədə yazılı öhdəlik verib.

Bundan başqa, Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan 2018-ci ilin iyununda qanunsuz silah saxlamaqda ittiham edilib. 2018-ci ilin iyul ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsinin qərarı ilə əmlakına həbs qoyulub. Ona büdcəyə 30 milyon dolları qaytarmaq üçün vaxt verilmişdi. Nəticədə S.Sarkisyan 2019-cu ilin fevral ayında dövlətə 19,6 milyon dollar qaytarıb.

Aleksandr Sarkiyanın oğlu Hayk Sarkisyan 1 iyul 2018-ci ildə məhkəmənin qərarı ilə "sui-qəsd cəhdi" ittihamı ilə iki ay müddətinə həbs olunub və həmin ilin sentyabrında 50 milyon dram girov müqabilində sərbəst buraxılıb.

Növbəti hədəf Ermənistanın ikinci prezidenti Robert Koçaryandır. Məlumat üçün bildirək ki, 1 mart 2008-ci il seçkilərindən sonra ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının təşkil etdiyi mitinqdə 10 nəfər öldürülüb. O zaman prezident olan Robert Koçaryan 2018-ci ilin dekabrında nümayişləri dağıtmaq və konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs edilib. 2019-cu ilin fevral ayında o, 927 milyon dram (təxminən 3 milyon dollar) məbləğində rüşvət verməkdə ittiham olunub. Sabıq prezident hazırda həbsdədir.

Sabiq deputat, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın ailə üzvləri və bütün yaxınları hələ də siyasi təqiblərlə üzləşirlər. Keçən il oktyabrın 4-də parlament Tovmasyanın sədrliyinə xitam verilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib. Lakin Konstitusiya Məhkəməsi parlamentin tələbini nəzərdən keçirməkdən imtina edib.

Onun vəzifəsindən çıxarılması üçün əvvəlcə Ermənistan Konstitusiyasına dəyişiklik edilməliidi. Bu məqsədlə 6 fevral 2020-ci il tarixində Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı qanun parlamentdə hakim partiyanın səs çoxluğu ilə qəbul edildi.

Respublika Partiyasının üzvü, 1999-2007-ci illərdə parlamentin deputatı olmuş Levon Sarkisyan Ermənistan Cinayət Məcəlləsinin 175.1-2-3 (bədənə ağır xəsarət yetirmə və qarətetmə) və 223.3 (cinayət qrupu yaratmaq və orda iştirak etmə) maddələri ilə ittiham olunub. O, 2019-cu ilin noyabr ayında Rusiyada 40 gün müddətinə həbs edilib. Sabiq deputatın Ermənistana təhvil veriləcəyi gözlənilir.

Ermənistan parlamentinin aparat rəhbərinin sabiq müavini Arsen Babayan 21 oktyabr 2019-cu ildə hakimiyyəti zorla ələ keçirmək cəhdində şübhəli bilinərək saxlanılıb. Onun sabiq parlamentin spikeri Ara Babloyanla birlikdə törətdiyi ehtimal edilən cinayət işi araşdırılır.

A.Bablyan 24 oktyabr 2019-cu ildə hakimiyyəti zorla ələ keçirməyə cəhddə şübhəli bilinərək saxlanılıb və ölkəni tərk etməmək barədə yazılı öhdəlik verib. Cinayət işi Arsen Babayan ilə birlikdə araşdırılır.

Samvel Uzumyan Ermənistan parlamentinə 21 il əvvəl oktyabrın 27-də edilmiş silahlı hücum hadisəsini araşdıran hakim olub. O, Ermənistanı tərk edib və və axtarışa verilib. 51 min dollar rüşvət almaqda ittiham olunur.

Keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, “Flaş”şirkətinin rəhbəri Barseq Beqlaryan, kənd təsərrüfatı nazirinin sabiq müavini Samvel Qalstyan, kənd təsərrüfatı nazirliyinin sabiq şöbə müdiri Qevork Arutyunyan sabiq prezident Serj Sarkisyanla birlikdə dövlət dəstəyi proqramı çərçivəsində ayrılan 489 milyon 160 min 310 dram (1 milyon 20 min dollar) mənimsəməkdə günahlandırılır.

Baş nazirin sabiq müavini Armen Qevorkyan 1 mart 2008-ci ildə Ermənistandakı iğtişaşlarda, konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Ədliyyə Nazirliyinin keçmiş şöbə müdiri Norayr Panosyan 2019-cu ilin oktyabrında həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Sünik bölgəsinin keçmiş valisi Surik Xaçatryan fırıldaqçılıq, xüsusilə külli miqdarda mənimsəmə və bir sıra digər cinayətlərdə ittiham olunur. 19 noyabr 2019 tarixində həbs edilib. Onun kiçik oğlu Trdat Xaçatryan hərbi xidmətdən yayınmaqda, böyük oğlu Tiqran Xaçatryan isə rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunur. Hazırda axtarışdadır.

Dövlət Təftiş Xidmətinin keçmiş rəhbəri, "məxmər" inqilabın fəallarından biri David Sanasaryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri, keçmiş maliyyə naziri Qaqik Xaçatryan 2019-cu ilin avqustunda həbs edilib. Korrupsiyada və dövlət əmlakının mənimsənilməsində ittiham olunur. 6 fevral 2020-ci ildə KİV Xaçatryanın girov müqabilində sərbəst buraxılması ilə bağlı müraciətinin rədd edildiyini və həbsdə qalacağı barədə məlumat yayıb.

Yol polisi rəisinin keçmiş müavini Artur Tonoyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Keçmiş Baş prokuror və Respublika Partiyası parlament fraksiyasının sabiq üzvü Qevork Kostanyan 1 mart 2008-ci il hadisələri ilə əlaqədar rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunur. Hazırda Rusiyadadır və Ermənistana qayıtması ilə bağlı Rusiya ilə danışıqlar aparılır.

Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Georgi Kutoyanın cəsədi 2020-ci ilin yanvar ayında İrəvandakı binalardan birinin mənzildə aşkar edilib.

Keçmiş müdafiə naziri Mikael Arutyunov 1 mart 2008-ci il tarixində konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. Beynəlxalq axtarışa verilib. Rusiya vətəndaşıdır. Rusiya mətbuatında yer alan xəbərlərə görə, ona qarşı beynəlxalq axtarış ləğv edilib.

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin sabiq müavini, “Yerkrapa” Könüllülər Birliyinin (Vətənin müdafiəçiləri) İdarə Heyətinin sədri, general Manvel Qriqoryan 18 iyun 2018-ci ildə silah, döyüş sursatı, partlayıcı maddələrin qanunsuz əldə edilməsi, satılması, saxlanması, daşınması maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək tutulub. 16 yanvar 2020-ci ildə səhhətindəki problemlərə görə həbsdən azad edilib. Yaşayış yerini tərk etməməklə bağlı öhdəlik götürüb.

Həmçinin, Qriqoryanın həyat yoldaşı Nazik Amilyan, oğlu Arman Qriqoryan istinataqa məlum olmayan bir qrup şəxs tərəfindən silahın, döyüş sursatı, partlayıcı maddənin qanunsuz olaraq alınması, daşınması və saxlanmasında ittiham olunurlar.

Manvel Qriqoryanın oğlu, Eçmiadzenin sabiq meri Karen Qriqoryan 2015-2018-ci illərdə rəsmi səlahiyyətlərindən sui-istifadə edərək dövlət vəsaitini mənimsəməkdə və rüşvət müqabilində atasının cangüdənini şəhər rəhbərliyində işə düzəltməkdə ittiham olunub. Ermənistandan ayrılmamaq barədə öhdəlik götürüb.

M.Qriqoryanın digər oğlu Ara Qriqoryan 4 sentyabr 2019-cu ildə İrəvan -Armavir magistralında münaqişə zəminində qaz tapançasından atəş açdığına görə polis şöbəsinə çağrılıb. Xuliqanlıqda ittiham olunub. Ölkəni tərk etməmək barədə sənəd imzalayıb.

M.Qriqoryanın həyat yoldaşı Nazik Qriqoryan əri ilə eyni cinayət işində olmasına baxmayaraq, onun işi ümumi işdən ayrılıb. 8 noyabr 2019-cu ildə onun barəsində əmlakın mənimsənilməsi, süni iflasın elan edilməsi və “Armsteklo” şirkətinin sənədlərinin saxtalaşdırılması ilə bağlı yeni cinayət işi qaldırılıb.

Keçmiş müdafiə naziri Seyran Ohanyan 1 mart 2008-ci hadisələrində konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. O, ölkəni tərk etməmək barədə öhdəlik götürüb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, Ermənistan silahlı qüvvələrinin sabiq Baş qərargah rəisi Yuri Xaçaturova qarşı 26 iyul 2018-ci ildə 1 mart hadisələri ilə əlaqədar konstitusiya quruluşunu devirməyə cəhd ittihamı elan edilib.

1 mart 2008-ci il hadisələri üzrə İstintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyan Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıqdan ağır nəticələrə səbəb olma) və 309-cu maddənin 2-ci hissəsi (zorakılıq, silah və ya xüsusi vasitə ilə səlahiyyətdən sui-istifadə) ilə ittiham olunur.

Ermənistan polis rəisinin keçmiş müavini Levon Eronesyanın adı bir sıra dinc etiraz aksiyalarının zorakı şəkildə yatırılmasında xatırlanır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Miqran Poqosyan iş adamı, Məhkəmə qərarlarının icrası xidmətinin keçmiş rəhbəridir. O, dələduzluqda, xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsində ittiham olunur.

Siyasi təqiblərə məruz qalan QHT nümayəndələri, jurnalistlər və fəallar

“Haeli” (Güzgü) Mətbuat klubu 2019-cu ilin oktyabr ayında Rusiyada “Valdai” Beynəlxalq Müzakirə Klubunun plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı barədə məqalənin başlığına görə İrəvanda bir qrup gənc tərəfindən hücuma məruz qalıb.

Bloqerlər Narek Mutafyan və Sarkis Ohancanyan Koçaryanı dəstəklədikləri üçün həbs olunub. Belə ki, İrəvan məhkəməsinin hakimi Anna Danibekyan Koçaryanın cinayət işi üzrə prosesdə ona suallar vermələrini məhkəməyə hörmətsizlik hesab edib, bundan sonra onlar iki ay müddətinə həbs ediliblər. Hazırda azadlıqdadırlar.

“5-ci kanal”ın sahibi Armen Tavadyan 1 mart 2008-ci il hadisələri ilə bağlı şahidlərə rüşvət verməkdə ittiham olunur. Onun əmlakına həbs qoyulub. Kanalın icraçı direktor Harutyun Harutyunyan Armen Tavadyanın həbsini siyasi repressiya adlandırıb.

Satik Seyranyan - Ermənistan Jurnalistlər İttifaqının sədri, “168.am” saytının redaktorudur. 29 dekabr 2019-cu ildə Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Paşinyanın nüfuzunun azalması ilə bağlı yanlış xəbərlər yaymaqda ittiham olunur.

Mqer Yeqiazaryan - “Haynews.am” xəbər saytının baş redaktoru 5 dekabr 2018-ci ildə aclıq aksiyasına başlayıb. 26 yanvar 2019-cu ildə həbsxanada ölüb. O, 2014-cü ilin fevralından 2018-ci ilin oktyabrınadək orduda rüşvət vermək üçün edilən əməliyyatlarda 10 min dollar mənfəət əldə etməkdə, həmçinin müxtəlif qanunazidd hərəkətlərdə günahlandırıldı.

Nədənsə, işğalçı ölkədə başqa verən bu qədər qanunsuzluqlar və insan hüquqlarının tapdalanması faktları Avropa Şurasında olan "demokratların" heç veclərinə də deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropa-Şurası  





Xəbər lenti