“ASAN xidmət” mərkəzləri yeniləşən Azərbaycanın yeni simasıdır

  “ASAN xidmət” mərkəzləri yeniləşən Azərbaycanın yeni simasıdır
  13 Fevral 2020    Oxunub:3482
Əslində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük həm Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində bir inqilab idi. Eyni zamanda, bu, mərkəzlərə müraciət edən vətəndaşlar üçün də gözlənilməz bir hal idi.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında ASAN könüllüləri ilə görüşdə çıxış edərkən bildirib.

Dövlətimizin başçısı deyib: “Çünki ictimai xidmətlər əfsuslar olsun ki, ölkəmizdə həmişə problemli bir sahə idi. İnsanlar məcbur olub günləri, həftələri itirərkən, bu və ya digər dövlət qurumuna müraciət edərkən öz haqlı tələbini təmin etmək üçün əziyyət çəkirdilər. Süründürməçilik, rüşvətxorluq, korrupsiya, mədəniyyətsizlik əfsuslar ki, ictimai xidmətlər sektoruna xas olan əlamətlər idi. İndi isə "ASAN xidmət" mərkəzlərində bunların biri də yoxdur".

Prezident İlham Əliyev vurğulayıb ki, "ASAN xidmət" mərkəzlərində yaranmış bu gözəl ab-hava ölkəmizin digər sahələrinə də müsbət təsir göstərir: “Ona görə mən həm Könüllülər hərəkatının, həm də "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini xüsusilə qiymətləndirirəm. Bu, sadəcə olaraq bir binada yüzlərlə xidmətin göstərilməsi deyil, bu, əslində, yeniləşən Azərbaycanın yeni simasıdır. Bu, müasir dövlətin növbəti uğurudur.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   ASAN-Xidmət  





Xəbər lenti