35-ci dairənin nəticələri ləğv olundu - YENİLƏNİB

  13 Fevral 2020    Oxunub : 7719
 35-ci dairənin nəticələri ləğv olundu - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 35 saylı Xətai üçüncü dairə seçki komissiyasının nəticələrinin ləğv olunması barədə müraciətə baxılıb.

Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
Müraciətdə qeyd olunub ki, protokollar namizədlərə verilməyib. Səslərin yenidən sayılması və İqbal Ağazadənin qalib elan olunması xahiş olunub.

Bundan əlavə, səslər sayılarkən qanun pozuntularına yol verildiyi bildirilib.

R.İbrahimovun sözlərinə görə, araşdırma zamanı seçicilərin iradəsinin təmin olunmasının mümkünsüzlüyü müəyyən edilib. Belə ki, 33 məntəqədən 30-da belə hal aşkarlanıb. Ona görə də hazırki durumda səslərin yenidən sayılması mümkün deyil.

MSK rəsmisi təklif edib ki, bu səbəbdən həmin dairədə səsvermənin nəticələri etibarsız hesab olunsun.

Təklif səsə qoyularaq qəbul edilib və 35 saylı Xətai üçüncü Dairə Seçki Komissiyasının nəticələri ləğv edilib.

Qeyd edək ki, həmin dairədə Ümid partiyasının sədri İqbal Ağazadə ilə jurnalist Rauf Arifoğlu arasında qızğın mübarizə gedirdi.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK