Hüquq və azadlıqların müdafiəsi sahəsində zəruri tədbirlər görülüb - Baş Prokuror

   Hüquq və azadlıqların müdafiəsi sahəsində zəruri tədbirlər görülüb -    Baş Prokuror
  14 Fevral 2020    Oxunub:3074
"Ölkəmiz ötən il də MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi öncül mövqeyini saxlayıb"
Azvision.az xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Belə ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, digər hüquq mühafizə orqanları, ilk növbədə daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Prokurorluq orqanlarının səyləri Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.

Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın labüdlüyünün təmin olunduğu konkret misallarla diqqətə çatdırılıb.

Hesabat dövründə kriminogen durumun nəzarətdə saxlanıldığını qeyd edən Baş prokuror Zakir Qaralov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının sabit qalaraq 265 fakt təşkil etdiyini və ölkəmizin ötən il də MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi öncül mövqeyini saxladığını xüsusi vurğulayıb.

Kollegiya iclasında bildirilib ki, daxili işlər və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri 2019-cu ildə də davam etdirilmiş, prokurorluğun dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənib. Hesabat ilində istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınıb. Bu cinayətlərin 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuş, cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə qeydə alınmış cinayətlərin 84,8%-nin açılması təmin olunub.

Daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2018-ci illə müqayisədə qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluqlar, quldurluqlar, dələduzluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması faktları, habelə xuliqanlıqlar, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanların cinayətləri, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər azalmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması yaxşılaşsa da, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin açılma faizi azalıb. Eləcə də daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilib.

2019-cu ildə 2018-ci illə müqayisədə qeydə alınmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 54 fakt, həmin hadisələrdə ölən şəxslərin sayı 99 nəfər artıb, xəsarət alan şəxslərin sayı isə 9 nəfər azalıb. Ötən ildə qeydə alınmış ölümlə nəticələnən açılmamış yol-nəqliyyat hadisələrinin sayı 6 olmaqla sabit qalıb.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara 2019-cu ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti