Bakıda iki tələbə koronavirusa görə xəstəxanaya yerləşdirilib

 Bakıda iki tələbə koronavirusa görə xəstəxanaya yerləşdirilib
  17 Fevral 2020    Oxunub:7721
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.
Azvision.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevralın 17-si üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.

Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və Çinin Uhan şəhərində təhsil alan 1992 ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan tələbələr fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər.

Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb. Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata əsasən, hazırda xəstəxanada 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.

Azvision.az


Teqlər: Xəstəxana   Koronavirus  





Xəbər lenti