“İnanıram ki, atam tezliklə azad olunacaq” - Dilqəm Əsgərovun oğlu

  17 Fevral 2020    Oxunub : 4691
 “İnanıram ki, atam tezliklə azad olunacaq” - Dilqəm Əsgərovun oğlu
“Atamı erməni girovluğundan azad edə biləcək yeganə şəxs Prezident İlham Əliyevdir”.

Bunu Azvision.az -a Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O, atasının tezliklə azad olunacağına inandığını söyləyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət və diplomatik danışqılar nəticəsində əminəm ki, atam Dilgəm Əsgərov erməni girovluğundan azad olunacaq. Cənab Prezident bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. Buna görə ailəmiz adından ölkə başçısına təşəkkür edirik. Prezident Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer ilə görüşdə də girovlarla bağlı məsələni qaldırdı, onların tezliklə azad olunmasının vacibliyini vurğuladı. İnanıram və ümid edirəm ki, yaxın vaxtlarda atama qovuşacağıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Girov   Dilqəm-Əsgərov   Şahbaz-Quliyev   Kəlbəcər