İkinci Dünya müharibəsinin tarixi yeni səpkidə araşdırılır

İkinci Dünya müharibəsinin tarixi yeni səpkidə araşdırılır
  19 Fevral 2020    Oxunub:1919
Mayın 5-də Bakı şəhərində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan “Tarixin canlı səhifələri” adlı VIII Gənclər festivalı keçiriləcək.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda keçirilən görüşdə səsləndirilib.

Görüşdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, sovet dönəmində qəsdən cəmiyyətə yalançı tarix sırıyıblar, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır. İnstitutda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsi fəaliyyət göstərir. Elmi müəssisə İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır.

“Azərbaycan xalqının zəkasının faşizm üzərində qələbədə mühüm rolu var. Böyük Azərbaycan alimi Yusif Məmmədəliyevin yüksək oktanlı yanacaq ixtira etməsi ilə İkinci Dünya müharibəsində böyük dönüş yarandı. Bakı nefti və Yusif Məmmədəliyevin mühüm ixtirası olmasaydı, 1941-1945-ci illər müharibəsi qələbə ilə sona çatmaz və dünya faşizm bəlasından xilas olmazdı”, - deyə akademik bildirib.

Daha sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova qeyd edib ki, “Tarixin canlı səhifələri” adlı Gənclər festivalının məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.

Qeyd olunub ki, faşizm üzərində qələbəyə həsr olunan festival Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Tarix İnstitutunun elmi dəstəyi ilə keçiriləcək. Layihənin elmi məsləhətçisi isə Yaqub Mahmudovdur.

Görüşdə, həmçinin Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev, təşkilat komitəsinin üzvü Elnur Abbasquliyev də iştirak ediblər.

Azvision.az


Teqlər: Tarix-İnstitutu  





Xəbər lenti