Məmmədyarov Aİ komissarı ilə görüşdü
Komissar O. Varheyli Aİ ilə Azərbaycan Respublikası arasında yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd etdi və sənədin 2020-ci ilin iyun ayında keçirilməsi planlaşdırılan Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər razılaşdırılaraq, tədbir zamanı paraflanması təklifini irəli sürdü.
Görüş zamanı Azərbaycanla Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri kimi mövzularda fikir mübadiləsi aparıldı.
Qarşılıqlı maraq doğuran məsələlər üzrə daha da geniş müzakirələrin aparılması, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə nazir Elmar Məmmədyarov komissar Oliver Varheylini Azərbaycan Respublikasına dəvət etdi. Öz növbəsində, Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı təklifi məmnuniyyətlə qəbul etdiyini bəyan etdi.
Azvision.az
Teqlər: XİN Məmmədyarov