Ermənistan 3 ildir Avropa Məhkəməsinin qərarını icra etmir - “Çıraqovların işi”

  Ermənistan 3 ildir Avropa Məhkəməsinin qərarını icra etmir -    “Çıraqovların işi”
  19 Fevral 2020    Oxunub:3006
2017-ci ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə qərar çıxarıb. Qərara əsasən, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.
Avropa Məhkəməsi tərəfindən təzminatın ödənilməsi ilə bağlı Ermənistana verilən vaxt çoxdan bitsə də, hələ də kompensasiya şikayətçilərin hesabına köçürülməyib.

Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev Azvision.az -a bildirib ki, ötən ilin dekabr ayında kompensasiyanın ləngidilməsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsi qərar verməli idi. Lakin hələ də bu haqda məlumat yoxdur.



“Avropa İnsan Haqları Məhkəməsinin qarşısında yenidən məsələ qaldırılmalıdır ki, Ermənistan tərəfi kompensasiyanı niyə ödəmir? Biz vəkillərlə əlaqə saxlayırıq. Artıq dekabr ayı da keçdi, indiyədək xəbər yoxdur. Hazırda işin nə yerdə olduğunu bilmirik. Vəkillərimiz Avropa Şurası Nazirlər Komitəsinə məktub yazdıqlarını və bizim şikayətlərimizi çatdırdıqlarını deyiblər”.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.

İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Çıraqovlar   Avropa-Məhkəməsi  





Xəbər lenti