İDEA-nın layihəsinə Yevlax da qoşuldu

  20 Fevral 2020    Oxunub : 1061
İDEA-nın layihəsinə Yevlax da qoşuldu
Əsas məqsədi həyət və məhəllələrin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması olan və İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulub.
Azvision.az -ın xəbərinə görə, bu barədə Yevlax Şəhər İcra Hakimiyyətinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev verib. Bununla əlaqədar şəhərdəki Heydər Əliyev pr. 10 ünvanındakı həyətdə əsaslı təmir-yenidənqurma işləri layihəsi hazırlanıb.

İctimai Birliyin köməyi ilə Malbinəsi kəndində 92 ailənin məskunlaşdığı yeni yaşayış məhlləsinin sakinləri üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib.

Eyni zamanda 6 saylı bağçada yeni, müasir layihə əsasında əsaslı təmir işlərinə başlanılıb. Müvafiq Dövlət Proqramına uyğun olaraq yaxın zaman kəsiyində rayonda 4 məktəbin yenidən tikilməsi və 4 məktəbin əsaslı təmiri planlaşdırılıb.

Daha çox qarşıda duran vəzifələr, görüləcək işlər, həyata keçiriləcək sosial layihələrin müzakirə edildiyi hesabat yığıncağında bildirilib ki, bu aydan etibarən şəhərdə əsaslı təmirə ehtiyacı olan 35 yaşayış binası və qəzalı vəziyyətdə olan 15 binanın dam örtükləri mərhələli şəkildə təmir olunacaq.

Yevlax şəhərinin daha da abadlaşması və gözəlləşməsi, buranın paytaxt Bakı və digər böyük şəhərlər səviyyəsinə çatdırılması məqsədi ilə mövcud istirahət parkları yenidən qurularaq təmir ediləcək. Artıq Dədə Qorqud parkında təmir işlərinə başlanılıb və parkın ərazisi genişlənərək Kamil Sabitov küçəsinədək uzadılması nəzərdə tutulur. Bu il mərkəzdə Kamil Sabitov küçəsi yenidən qurulacaq, burada yolun genişləndirilməsi, səkilərin bərpası, işıq dirəklərinin qoyulması nəzərdə tutulur.

Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədi ilə ölkə başçısı tərəfindən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir. Bu il 3 kənddə qazlaşma işləri aparılır, yaxın günlərdə Bəydili kəndində də bu işlərə başlanacaq və beləliklə rayondakı 50 yaşayış məntəqəsindən hamısı təbii qazla təmin ediləcək.

Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq ifadə olunub.

Azvision.az

Teqlər: İDEA