“Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir” - Prezident

  21 Fevral 2020    Oxunub : 1492
 “Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir” - Prezident
“Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 20-də Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharında deyib.

Dövlət başçısı bildirib ki, ölkənin iqtisadiyyatı sabitdir. Xarici borc çox aşağıdır – ümumi daxili məhsulun 17 faizini təşkil edir: "Sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 6 dəfə böyükdür. Biz istədiyimiz qədər borc götürə bilərik. Bizim əsas məqsədimiz şaxələndirmədir”.

Prezident, həmçinin qeyd edib ki, Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir.

“TAP tamamlanandan sonra, - ümid edək ki, bu, çox tezliklə olacaq, - düşünürəm ki, biz enerji sektorunda bütün planlaşdırdıqlarımızı tamamlayacağıq. Çünki qeyd etdiyiniz kimi, bu gün biz İtaliyaya əsas neft ixracatçılarından biriyik. Düşünürəm ki, biz birinciyik. Təbii qazın nəqli ilə biz aparıcı ölkələr arasında olacağıq. Ona görə də əsas diqqət qeyri-enerji sektoruna yetirilməlidir. Burada biz kənd təsərrüfatı, ağır sənaye, kiçik və orta müəssisələrin qarşılıqlı əlaqəsi məsələlərinə gəlirik. Əlbəttə, biz İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq. Bu gün Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir və bizim inkişaf etmək üçün potensialımız mövcuddur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev