Romada İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib - FOTOLAR (YENİLƏNİB)

  21 Fevral 2020    Oxunub : 3824
Romada İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib - FOTOLAR (YENİLƏNİB)
Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.
Azvision.az xəbər verir ki, ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban ƏliyevaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Ziyafətdən əvvəl qarşılıqlı hədiyyələr təqdim olundu.

Azərbaycan və İtaliya rəsmi nümayəndə heyətlərinin üzvləri dövlət başçıları İlham Əliyevə və Sercio Mattarellaya, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və İtaliya Prezidentinin qızı Laura Mattarellaya təqdim olundular.

Dövlət başçıları ziyafətdə çıxış etdilər.

Prezident Sercio Mattarellanın çıxışı:

Cənab Prezident.

Xanım Birinci vitse-prezident.

Hökumət nümayəndələri.

Xanımlar və cənablar.

Dərin hörmət hissi ilə Sizə və xanımınıza İtaliyaya “Xoş gəlmisiniz” demək istərdim. Azərbaycan Prezidentinin İtaliyaya ilk dövlət səfərində Sizi nümayəndə heyətinizlə birlikdə qəbul etməkdən çox məmnunam. Xüsusilə də Azərbaycana səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyi yaxşı xatırlayıram. Azərbaycana səfərimdən iki il sonra Sizin burada Prezident sarayında olmağınız bizim ölkələrimizi birləşdirən yüksək səviyyəli əlaqələrin əhəmiyyətli göstəricisidir. Sürətlə möhkəmlənən və şaxələnən bu münasibətlər mütəmadi və məhsuldar əlaqələrə təkan verərək yalnız qurumlar, hökumətlər və müəssisələr arasında deyil, həmçinin mədəni və akademik reallıqlar arasında da inkişafa səbəb olmuşdur.

Sizin səfəriniz Sovet İttifaqından tam ayrılma prosesinin başlanğıcını qoyan və hələ də yaddaşlarda yaşayan tarixin acı səhifəsi olan Qara Yanvar faciəvi hadisələrinin baş verdiyi tarixdən 30 il sonraya təsadüf edir. Müstəqilliyini qazandıqdan sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən çiçəklənən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir. Burada kökləri keçən əsrin əvvəlində dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Demokratik Respublikasının qısa, lakin çox əhəmiyyətli tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi və fərqlilik içində sülh şəraitində birgəyaşayışdan söhbət gedir.

Cənab Prezident, 25 ildən çox mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olmuşdur. Bu, həmçinin öz baxışını Avro-Aralıq dənizi məkanına tutan və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olmuşdur.

Xəzər dənizi və Aralıq dənizi arasında Azərbaycanın körpü rolunu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqı enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir.

Bu siyasəti xarakterizə edən seçimləri hər zaman dəstəkləyən İtaliya Brüssel ilə yeni tərəfdaşlıq sazişinin imzalanması vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq Şurası arasındakı Aralıq dənizi sahəsində bütün maraqlı ölkələr üçün həyati əhəmiyyətə malik olan və stabilləşməyə töhfə verən sərfəli əməkdaşlıq davam edir.

Azərbaycan və Avropa arasında əlaqələrin möhkəmlənməsi fərqli mədəniyyətlər və dinlərin daha ahəngli birgəyaşayışı üçün əlverişli şəraitin yaranmasına imkan verə bilər.

Cənab Prezident, Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsirdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu.

Bu gün İtaliya Respublikası Sizin rəhbərliyiniz altında Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır.

Qlobal səviyyədə birinci ticari tərəfdaş kimi Roma Sizin idarəetməniz sayəsində başladılan iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycan Respublikasının yanında olmaq niyyətindədir və ətraf aləmin qorunmasına yönəldilmiş texnoloji innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə töhfə verməyə hazırdır.

Bundan əlavə, illərdir ki, ölkələrimiz çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əməkdaşlığımızda əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atmışdır.

Xüsusi məmnunluq hissi duyaraq qeyd etmək istərdim ki, italyan dili və mədəniyyəti artan marağa səbəb olur və mən inanıram ki, elmi, texnoloji və universitetlər sahələrində bağlanmış sazişlər bizim xalqlarımız arasında mövcud olan qarşılıqlı anlaşma və dostluğu daha da gücləndirəcək.

Bu axşamkı konsert yalnız Azərbaycan yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin Azərbaycan və İtaliya arasında mövcud dərin mədəni oxşarlıqları bir daha sübut edir.

Təsadüfü deyil ki, proqram İslam dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində Bakıda səhnələşdirilən və elə o dövrdən etibarən bizim mədəniyyətlərin yüksək sintezini ifadə edən “Leyli və Məcnun” əsərinin bəstəkarı olan Üzeyir Hacıbəylinin məşhur bir parçası ilə başlayır.

Cənab Prezident, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Sizin tarixi əhəmiyyətli dövlət səfəriniz də əminəm ki, bunu daha da gücləndirib, strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək.

Sizə, xanımınıza və Sizi müşayiət edən nümayəndə heyətinə bir daha “Xoş gəlmisiniz” deyirəm.

Prezident İlham Əliyevin çıxışı:

-Hörmətli cənab Prezident.

Hörmətli xanım Laura Mattarella.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, məni İtaliyaya dövlət səfərinə dəvət etdiyinizə, eləcə də mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm.

Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma imperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma imperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur. Müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlə yaradılmışdır. İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.

Cənab prezident Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrimizin inkişafında mühüm töhfə olmuşdur. Səfər zamanı Mehriban Əliyevanı və məni İtaliyanın yüksək dövlət ordenləri ilə təltif etməyinizi Azərbaycan və İtaliya arasında dostluğun inkişafına verdiyimiz töhfənin təzahürü kimi qiymətləndiririk.

Cənab Prezident, bu gün biz Sizinlə olduqca səmərəli görüş keçirdik. Bu görüşümüz zamanı müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini təsdiqləyir. Dövlət səfəri çərçivəsində 20-dən çox sənədin imzalanması nəzərdə tutulur. Onların sırasında Azərbaycan və İtaliya arasında "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"ni xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"də Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir, İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir.

Mədəniyyət sahəsində münasibətlərimiz uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Hazırda Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir.

İtaliya qədim sivilizasiyanın beşiyidir. İtalyan mədəniyyəti, incəsənəti, kino sənəti Azərbaycanda çox sevilir. Çoxlu sayda Azərbaycan vətəndaşı hər il İtaliyaya turistik səfərlər edir. Son 3 il ərzində İtaliyadan ölkəmizə gələn qonaqların səfər dinamikasında 40 faizdən çox artım qeydə alınmışdır.

Hörmətli cənab Prezident və hörmətli xanım Laura Mattarella, ölkənizə və dost İtaliya xalqına əmin-amanlıq, inkişaf və tərəqqi arzulayıram.













































Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Roma   Ziyafət