“İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır” - Politoloq

 “İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır” -    Politoloq
  21 Fevral 2020    Oxunub:2061
"İtaliya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin artması hər iki ölkə üçün əhəmiyyətlidir".
Bunu Azvision.az -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, İtaliya Avropa ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır:

"İki ölkə arasında ticarət dövriyyəsi 2019-cu ildə 6 milyard dollar olub. Azərbaycan İtaliya üçün nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. Bundan sonra əsas məqsəd iki ölkə arasında ticarət əlaqələrini şaxələndirməkdir. Azərbaycanın Avropa İttifaqı ilə strateji sazişi imzalaması həm də İtaliya kimi dövlətlərlə ticarət əlaqələrini şaxələndirmək baxımından vacibdir. Romada səslənən açıqlamalarda Bakı ilə Brüssel arasında danışıqların sürətləndirilməsi istəyi səsləndirildi".

TAP layihəsinin bu il tamamlanacağını vurğulayan E.Şahinoğlu deyib ki, Azərbaycan bu boru xətti ilə İtaliyaya qaz da satacaq: "Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq. Həmçinin İtaliya Avropa İttifaqının Azərbaycanla inteqrasiyasına dəstək verir. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. İki ölkə arasında mövcud olan sazişə görə, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var".

E.Şahinoğlu əlavə edib ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Roma Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqların nəticə verəcəyinə inanır. Xüsusi vurğulanmalı haldır ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu iki ölkə arasında himanitar əlaqələrin inkişafına da təkan verəcək. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır. Beləliklə, İtaliya Cənubi Qafqazda Azərbaycanla siyasi, iqtisadi və ticarət əlaqələrini üst səviyyəyə çatdırmağa çalışır. Bu Azərbaycanın da maraqlarına uyğundur".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliyaya dövlət səfərinə gedib. Ölkə başçısı Romada İtaliya Prezidenti Sercio Mattarella, Baş Nazir Cüzeppe Konte və digər rəsmi şəxslərlə önəmli görüşlər keçirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: İtaliya   Azərbaycan   Prezident   Səfər   Şərh  





Xəbər lenti