Azərbaycan İtaliya ilə hərbi sənaye sahəsində əməkdaşlıq edəcək

Azərbaycan İtaliya ilə hərbi sənaye sahəsində əməkdaşlıq edəcək
  22 Fevral 2020    Oxunub:3639
"İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlığa start verilir"

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, kosmik sənaye də çox perspektivli sahədir: "Azərbaycanın artıq 3 peyki vardır. İtaliyanın bu sahədə əldə etdiyi təcrübə bizim üçün çox maraqlıdır. Bu günə qədər iki ölkə arasında kosmik sənaye sahəsində əlaqələr olmayıb. Ancaq dünən imzalanmış sənədə görə biz artıq bu sahədə də əməkdaşlığı davam etdirəcəyik.

Sənaye istehsalının artması və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi işində İtaliya şirkətləri bizə kömək göstərirlər. Cənab Mattarellanın səfəri çərçivəsində biz böyük neft-kimya müəssisəsinin açılışında bərabər iştirak etmişik. İtaliyanın aparıcı şirkətlərindən biri Azərbaycanda təqribən 1 milyard dollara yaxın dəyəri olan iki böyük sənaye müəssisəsi istifadəyə vermişdir. Yəni podratçı kimi işləmişdi. Hazırda həmin şirkət Azərbaycanda neftayırma zavodunun yenidən qurulmasında fəal iştirak edir. İmzalanmış kontraktların məbləği 800 milyon avrodan çoxdur. Bu, hələ başlanğıcdır və əminəm ki, Azərbaycanın gələcək sənaye inkişafında İtaliya şirkətləri öz rolunu oynayacaq".

Prezident çıxışına əlavə edərək deyib: "Bildirməliyəm ki, keçən il Azərbaycanın qeyri-neft sənayesi 16 faiz, bu ilin yanvar ayında isə təqribən 14-15 faiz artmışdır. Bu, onu göstərir ki, sənaye istehsalına çox böyük diqqət göstərilir və özəl sektor bu sahəyə böyük investisiyalar qoymaqdadır. Əminəm ki, bundan sonra da bu istiqamətdə işlər aparılacaq.

Mən dünən imzalanmış sənədlər arasında birini də xüsusi qeyd etmək istərdim. Bu, hərbi sənaye kompleksinə aiddir. Bu da bir başlanğıcdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq olmayıb. Ancaq imzalanmış memorandum əsasında bu əməkdaşlığa start verilir. Əminəm ki, bu ilin sonuna qədər bütün lazımi texniki və kommersiya şərtləri razılaşdırılacaq və beləliklə, biz hərbi sənaye sahəsində uğurla əməkdaşlıq edəcəyik".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   İtaliya   Hərbi  





Xəbər lenti