Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib

  21 Fevral 2020    Oxunub : 1314
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə N hərbi hissəsinin şəxsi heyəti, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və Xocalı faciəsinin şahidləri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışılıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olması bir daha vurğulanıb.

Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı fotosərgiyə baxış keçirilib.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin hazırladığı bədii kompozisiya ilə sona çatıb.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi