İranla sərhəd məntəqələrdə nəzarət gücləndirilib

 İranla sərhəd məntəqələrdə nəzarət gücləndirilib
  22 Fevral 2020    Oxunub:3240
Gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, son vaxtlar Çin Xalq Respublikasında aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İran İslam Respublikasında da müşahidə olunan koronavirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib.

Belə ki, İrandan ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər.

Bundan başqa, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları gömrük-keçid məntəqələrində həyata keçirilən profilaktik tədbirlərlə əyani şəkildə tanış olub və aşkar olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri müzakirə edilib.

Azvision.az


Teqlər: DGK   Gömrük   İran   Koronavirus  





Xəbər lenti