“Mehriban xanım mənim üçün Türkiyədən həkim gətizdirdi” - Arif Babayev

“Mehriban xanım mənim üçün Türkiyədən həkim gətizdirdi” -  Arif Babayev
  25 Fevral 2020    Oxunub:5848
“Hər ay təqaüdümdən nəvələrimə pay ayırıram”

Bu dəfəki həmsöhbətimiz Xalq artisti Arif Babayevdir. Bir neçə gün əvvəl 82 yaşı tamam olan xanəndə Azvision.az -ın suallarını cavablandırıb.
- Arif bəy, hər yeni yaş insan ömründən bir pay alır. Bir neçə gün əvvəl doğum gününüzü qeyd etdiniz, yaşınızın üstünə yaş əlavə olundu. Hansı hisləri keçirdiniz?

- İllər keçdikcə insan yaşa dolur. Hər zamanın, hər vaxtın öz qiyməti var. Düzdür, ömürdən gedir. Hamı istəyir ki, ömrü mənalı olsun.

- Yaşadıqlarınıza dönüb baxanda nələr və ya kimlər üçün darıxırsınız?

- Torpağımız üçün darıxıram. Hər dəfə Ağdam yadıma düşəndə kövrəlirəm. Uşaqlıq illərim gözümün qabağına gəlir. Qarabağ torpağı əvəzsiz nemətdir. Ömrümün axırına qədər yadımdan çıxmayacaq. Geriyə baxanda uşaqlığımı, cavanlığımı xatırlayıram.

- Necə uşaq olmusunuz?

- Çox dəcəl uşaq olmuşam. Hədsiz dalaşqan idim. Amma ürəyim kövrəkdir. Kiminləsə davam olurdusa, çalışırdım onunla barışam. Bu da bir tarixdir. İnsanın uşaqlığı onun ömrünün gözəlliyidir.

- Ömrün yeni çağında nələr həyata keçsə, ürəyinizə su səpər?

- Ağdama qayıdaq. Arzu edirəm ki, insanlarımız heç vaxt pis gün görməsin. Bayrağımız daim uca olsun. Xalqımız fikir, qəm çəkməsin, hamı yaxşı yaşasın. Sadaladığım bütün bunlar ürəyimə su çiləyər.

- Yaradıcı insanların əhvalı hava və ya fəsillə sıx bağlı olur. Sizin ruhunuza hansı fəsil uyğun gəlir?

- Özümü haçan yaxşı hiss edirəm, onda fəsil mənim üçün yaxşı olur. Yaxşı şeylər görəndə ruhlanıram. Uşaqlar yaxşıdır. Onların ağılları başlarında olanda, biz də rahat oluruq. Narazı deyiləm.

- Dövlətdə dəvə, övladda nəvə deyirlər. Yəqin, sizi sevindirən, həyata bağlıyan varlıqlardan biri də onlardır.

- 6 nəvəm var. Mənim adımı daşıyan nəvəm Londonda oxuyur. Bir nəticəm də var, çox maraqlı oğlandır. Tez-tez onun yanına gedirəm.

- Adınızı daşıyan nəvənizi yəqin ki, digərlərindən bir az çox istəyirsiniz.

- Hamısı mənim üçün əzizdir. Hərəsini öz qədərində istəyirəm. Mən Prezident təqaüdü alıram, maaşım da normaldır. Hər ay təqaüdümdən nəvələrimə pay ayırıram. Eyni zamanda maddi vəziyyəti yaxşı olmayan bir neçə insana imkanım çatdığı qədər kömək edirəm. Kömək etməsəm, özümü pis hiss edirəm.

- Bəs səhhətiniz həyatın, yaşlılığın dadını çıxartmağa imkan verirmi?

- Mənim onurğa sütunumda problem var idi. Yıxılmışdım. Mehriban xanım sağ olsun, Türkiyədən mənim üçün həkim gətizdirdi. Məni iki dəfə əməliyyat etdilər. Çox razı qaldım. Onurğa sütunu çətin sağalır. İndi əsa ilə gəzirəm. Deyirlər yaxşı olacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalq-artisti   Arif-Babayev  





Xəbər lenti