Bəstəkarlar İttifaqında Xocalı qurbanlarının xatirəsi anılıb

  24 Fevral 2020    Oxunub : 1196
Bəstəkarlar İttifaqında Xocalı qurbanlarının xatirəsi anılıb
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan F.Əlizadə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini bir daha diqqətə çatdırıb.

F.Əlizadə qeyd edib ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti olduqca böyükdür.

Bəstəkarlar İttifaqının sədri qeyd edib ki, xalqımızın yaşadığı Xocalı soyqırımı milli musiqimiz vasitəsilə də dünyaya çatdırılır.

“Bu baxımdan “Xocalı”, “Xocalı laylası”, “Xocalı uşaqlarına lay-lay”, “Xocalı avazları”, “Xocalı-613”, “Xocalı naləsi” və başqa milli musiqi əsərləri dünyanın bir sıra ölkələrində ifa olunaraq müəyyən təbliğat vasitəsinə çevrilib. Xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir”, - deyə F.Əlizadə vurğulayıb.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və digər natiqlər çıxışlarında Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayaraq bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması hər birimizin borcudur.

Sonra tədbir Xocalıya həsr olunan musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.

Azvision.az

Teqlər: Xocalı