Baş Prokurorluq 98 vakant yer üzrə müsabiqə elan etdi

   Baş Prokurorluq 98 vakant yer üzrə müsabiqə elan etdi
  25 Fevral 2020    Oxunub:2812
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində ardıcıl islahatlar aparılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, göstərilənlərin davamı olaraq, dövlət başçısı tərəfindən imzalanmış "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanda prokurorluq orqanlarına məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi olaraq təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin daha da artırılması üçün tədbirlərin görülməsi tövsiyə edilib.

Həmin tövsiyələrin icrası ilə əlaqədar cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulan vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə 9 aprel 2019-cu il tarixli sərəncamla Baş Prokurorluqda yaradılan Müsabiqə Komissiyası tərəfindən Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində müsabiqə keçirilən və şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsi üzrə müvafiq təyinatlar aparılıb.

Dövlət ittihamının daha effektiv həyata keçirilməsi, bu sahədə vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkilinin təmin edilməsi məqsədi ilə 24 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikasının Baş Prokuroruluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun yenidən təşkil edilməsi haqqında” əmr imzalanmış və eyni tarixli sərəncamla Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunması qərara alınaraq komissiya yaradılıb.

Həmin sərəncama uyğun olaraq Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni tərkibdə formalaşdırılması məqsədilə 3 böyük prokuror-metodist, 8 böyük prokuror və 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan edilir.

Prokurorluq orqanlarında 5 il iş təcrübəsinə malik, yaşı 40-dan aşağı olan prokurorluq işçiləri müsabiqədə iştirak etmək üçün 3 mart 2020-ci il tarixədək Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət edə bilərlər. Əlavə məlumat almaq üçün 492-62-23, 492-74-32 və 437-28-56 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti