“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb

“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb
  25 Fevral 2020    Oxunub:1766
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalının aktiv istifadəçi sayı artıq 153,6 minə çatıb, portala baxış sayı isə 1 milyon 904 mindir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, portal hər bir vətəndaşa onlarla bağlı sosial məlumatlara (eləcə də pensiya, müavinət, təqaüd, əlillik təyinatı, müxtəlif sosial təminatlar və s. barədə) real vaxt rejimində çıxış və dövlət sosial xidmətlərindən çevik rejimdə yararlanmaq imkanı verir.

İstənilən şəxs portalda sosial hüquqlarının təminatına (o cümlədən, işlədiyi halda onunla bağlı sosial ayırmaların həyata keçirilməsinə, pensiya kapitalının toplanmasına və s.) nəzarət edə, “e-Xidmətlər” bölməsində təqdim edilən xidmətlərdən, geniş əhatəliliyə malik e-arayış xidmətlərindən yararlana bilir. Burada işəgötürənlərə yeni iş yerləri, vakansiyalar barədə məlumatlarını təqdim etmələrinə də imkan yaradılıb, son vaxtlarda daha bir istiqamət kimi övladlığagötürmə xidmətləri də daxil edilib.

“E-sosial” internet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə “Android” əməliyyat sistemi və “İOS” platforması üçün tətbiqləri də fəaliyyət göstərir. Portalın “Android” tətbiqindən istifadəçi sayı artıq 14200-ə, “İOS” tətbiqindən istifadəçi sayı isə 1000-ə yaxındır.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti