“Xocalı qətliamını unutmadıq, unutmayacağıq” - Ərdoğan

  “Xocalı qətliamını unutmadıq, unutmayacağıq” -  Ərdoğan
  26 Fevral 2020    Oxunub:4729
“İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

Ərdoğan bildirib ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur.

"Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır.

Sabah Xocalı qətliamının 28-ci ildönümüdür. Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Azvision.az


Teqlər: Ərdoğan   Xocalı  





Xəbər lenti