Türkmənistanda polis maska taxan qadını saxlayıb

Türkmənistanda polis maska taxan qadını saxlayıb
  26 Fevral 2020    Oxunub:2721
Aşqabad sakini tibbi maskada gəzdiyinə görə polis tərəfindən saxlanılıb.
Azvision.az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, qadın axşam evə qayıdanda polis onu saxlayıb və pasport istəyib. Qeydiyyatla bağlı hər şey qaydasında olub, amma patrul komandiri qadının maska taxmağını xoşlamayıb.

"Virusa qarşı hökumətin həyata keçirdiyi tədbirlərə etimad etmirsiniz? Biz və sizin rəhbərliyiniz maska taxmır, siz niyə maskadasınız?”, - polis qadından soruşub. O əlavə edib ki, maskalı insanlar panika yaradırlar.

Saxlanılan şəxs yalnız həkimlərin tövsiyələrinə əməl etdiyini deyib, bununla belə o, polis bölməsinə aparılıb və 249 manat cərimə olunub. Cərimənin bank vasitəsilə ödənməsi tələb edilib. Ödənişin təminatı olaraq polis qadının pasportunu saxlayıb.

Səhəri gün qadın cərimənin ödəniş qəbzini təqdim etdikdən sonra pasportu qaytarılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkmənistan  





Xəbər lenti