“Yanğınların əsl səbəbkarı elə insanlar özləridir” - FHN rəsmisi

   “Yanğınların əsl səbəbkarı elə insanlar özləridir” -    FHN rəsmisi
  27 Fevral 2020    Oxunub:1974
"Baş vermiş yanğınların təhlili göstərir ki, onların cəmi 4-5 faizi təbii faktorlardandır. Yerdə qalan büyük yanğınların əsl səbəbkarı elə insanlar özləridir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi prosedurları barədə keçirilən tədbirdə təhlükəsizlik standartları barədə məlumat verən Fövqəladə Hallar Nazirliyi, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin Baş Mütəxəssisi Nizami Fərəcov bildirib. Onun sözlərinə görə, ehtiyatsızlıq, səhlənkarlıq yanğın təhlükəsizliyi qaydalarının pozulmasına səbəb olur:

"Bu səbəbdən hər gün ölkə ərazisində orta hesabla 5-6 yanğın hadisəsi qeydə alınır. İnsanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən təkcə ötən il 2315 yanğın hadisəsi baş verib. Bu hadisələr zamanı 53 insan ölüb, 231 insan xəsarət alıb. Baş verən yanğınlar nəticəsində 19,9 milyon manat maddi ziyan dəyib. Yanğından heç kim sığortalanmayıb, amma heç olmasa minimum səviyyədə olsun deyə, biz bütövlükdə əhali arasında maarifləndirmə tədbirləri keçiririk".

FHN nümayəndəsi yanğınların ən çox baş verdiyi sektoru açıqlayıb. Onun sözlərinə görə, bütün yanğınların 70 faizi yaşayış sahələrində baş verir: "Bu sırada ikinci yerdə olan nəqliyyat sektorudur. Yəni nəqliyyat vasitələrinin istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması sonra yanğına səbəb olur. Nəqliyyat vasitələrində yanğının qarşısını almaq üçün əsasən çalışma, işə salma sisteminə, siqnalizasiya və elektrik nəzarətdə saxlanılmalıdır. Üçüncü yerdə məişət-mədəniyyət, dördüncü yerdə meşələr, beşinci yerdə isə sənaye, kənd təsərrüfatı və s. sektoru yer alır. Bütün yanğınların 40 faizi təkcə elektrik təsərrüfatının payına düşür. Yəni elektrik cihazlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması bu cür təhlükə yaradır".

N.Fərəcov vurğulayıb ki, 2018 və 2019-cu ildə mehmanxanalarda da yanğın baş verib: "Ötən il Səbail və Nərimanov rayonundakı iki mehmanxana və mehmanxana tipli obyektlərdə yanğın baş verib. 2018-ci ildə isə yenə də Səbail və Binəqədidə bu cür yanğın qeydə alınıb. Bu il yanvarın 18-də yenə də Binəqədi rayonunda mehmanxanada yanğın baş verib. Bu beş yanğının hamısının baş vermə səbəbi elektrik təsərrüfatıdır. Ona görə də hər zaman ilk olaraq elektrik təsərrüfatına nəzarət edilməlidir. Tövsiyə edirik ki, yanğın təhlükəsizliyinə cavabdeh şəxsdən başqa, mehmanxanalarda həm də elektrik təsərrüfatını bilən, bu işdə təcrübəsi olan bir şəxs ayrılmalıdır.

Mehmanxana, mehmanxana tipli obyektlərdə binaların, qurğu və yataqların yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. Ona görə də müəssisə rəhbərləri öz əməkdaşlarının mütəmadi olaraq yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirməyə borcludurlar".

FHN nümayəndəsi əlavə edib ki, bəzən yanğın su hovuzlarına, giriş-çıxış yollarına, həmçinin yanğın qurğuları və vasitələrinə sərbəst yaxınlaşma mümkün olmur: "Yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmirlər. Yanğınsöndürən maşınların vaxtında hadisə yerinə yetişə bilməsi üçün hansı münbit şərait var? Tıxacları hamınız bilirsiniz, bir də adamların harada gəldi şlaqbaumlar quraşdırması, zəncirlərin olması, yerə metal pilətələr quraşdırılması və s. nəticəsində yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir. Bunlar azmış kimi idarə edilən nəqliyyat vasitələri də harada gəldi, park edilir. Bu yaxınlarda Yasamalda şərti yanğın yerinə getdik, 40 dəqiqə həmin maşınların yığışdırılması ilə məşğul olduq. Bu şərti idi, əsl yanğın olsa görün nə baş verərdi. Bəzən də yanğınsöndürən maşın həyəcan təbili çalıb yanğın yerinə getmək istəyəndə nəqliyyat vasitələri onlara yer vermir. Su mənbələrinin yerləşdiyi yerlər standart işarələrlə işarələnməlidir".

Aytən Zəhra
Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti