Nazir Türkiyə nümayəndə heyəti ilə görüşdü
Əbülfəs Qarayev qonaqları salamlayaraq, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin birgə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Diqqətə çatdırıb ki, mədəni sahədə həyata keçirilən layihələr, təşkil olunan tədbirlər ölkələrimizin bir-birinə daha da yaxınlaşdırır. Bu birlik dünya müstəvisində də birgə addımlamağa kömək edir. Bu sahədə aparılan ən uğurlu işlərin nəticəsi kimi nazir UNESCO-nun müxtəlif siyahılarına birgə təqdim olunan nominasiyaları qeyd edib. Bildirib ki, bu əməkdaşlığın davamı olaraq növbəti illərdə də birgə nominasiya fayllarının hazırlanması nəzərdə tutulur. Nazir bu əməkdaşlığın təkcə UNESCO deyil, TÜRKSOY və İSESKO çərçivəsində də gücləndirilməsinin olduqca vacib olduğunu diqqətə çatdırıb.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbiş qəbula görə təşəkkürünü bildirib və tarixi əlaqələrə dayanan bu münasibətlərin yüksək səviyyədə davam etməsi istiqamətində əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıb.
Sonda nazir müavini Sevda Məmmədəliyeva ilə Okan İbiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına birgə təqdim olunacaq nominasiya faylları ilə bağlı anlaşma sənədini imzaladılar.
Qeyd olundu ki, bu sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Strateji Əməkdaşlıq sahəsindəki görüşlərinin məntiqi nəticəsi və mədəniyyət sahəsindəki əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.
Azvision.az