Mövqelərimiz iki ayda 1364 dəfə atəşə tutulub

  29 Fevral 2020    Oxunub : 980
 Mövqelərimiz iki ayda 1364 dəfə atəşə tutulub
Ermənistan silahlı qüvvələri 2020-ci ilin ilk iki ayı ərzində atəşkəs rejimini 1364 dəfə pozub.
Azvision.az -ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə yanvarda 700, fevralda 664 dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

2 ayı ərzində Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, XocavəndFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Cəbhə   Düşmən   Atəşkəs