51 uşaq bioloji ailələrinə və qohumlarına qaytarıldı

  29 Fevral 2020    Oxunub : 1786
 51 uşaq bioloji ailələrinə və qohumlarına qaytarıldı
2019-cu ildə 51 nəfər uşaq Rayon və Şəhər İcra Hakimiyyətlərinin Sərəncamı ilə dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 6 nəfər sosial işçi tərəfindən XəzərSuraxanı rayonlarında yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün dövlət uşaq müəssisələrdəki uşaqların və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib.

"Uşaqların ailələrinin himayəsinə qaytarılması üçün onların ailələri və ya qohumlarının yaşadığı rayonlara səfərlər edilərək Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclasında qeyd olunan məsələyə baxılıb. Uşaqların ailələrə qaytarılması üçün ailələrin mənzil şəraitinə baxış keçirilib və ailənin gəliri araşdırılıb. Ailələrə qaytarılan uşaqların vəziyyətinin monitorinqi aparılması və nəticələri barədə mütəmadi olaraq nazirliyə məlumatların verilməsi ilə yerli icra hakimiyyətlərinə təlimati məktub ünvanlanıb. Görülmüş işlərin nəticəsi olaraq, 2010-cu ildə 15 nəfər, 2011-ci ildə 105 nəfər, 2012-ci ildə 123 nəfər, 2013-cü ildə 51 nəfər, 2014-cü ildə 33 nəfər və 2015-ci ildə 37 nəfər, 2016-cı ildə 38 nəfər, 2017-ci ildə 16 nəfər, 2018-ci ildə 48 nəfər bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb".

Məlumatda qeyd edilib ki, uşaqlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, yerlərdə rayon/şəhər icra hakimiyyətləri ilə birgə əməkdaşlığın nəticəsi olaraq ölkə üzrə ümumilikdə 604 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazirlik   Uşaq   Təhsil