“Təlimlərin ssenarisi real döyüş səhnələri ilə bağlıdır” - Polkovnik Ramaldanov

“Təlimlərin ssenarisi real döyüş səhnələri ilə bağlıdır” -  Polkovnik Ramaldanov
  04 Mart 2020    Oxunub:4014
Martın 2-dən Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb. 4 gün davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.
Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az -a açıqlamasında bildirib ki, təlimin ssenarisi işğal olunmuş torpaqlarımızla və orada baş tuta biləcək real döyüş səhnələri ilə bağlıdır.

Hərbi ekspertin sözlərinə görə, təlimlər işğal olunmuş ərazilərimizdəki düşmənlər nəzərdə tutularaq, həmin bölgəyə uyğun yerdə keçirilir:

"Digər təlimlərdə olduğu kimi burada da qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün müxtəlif vasitələrin tətbiqi, onların arasında əlaqələrin qurulması, birgə fəaliyyətin aparılması, qərargahlar arasında olan idarəçilik imkanları və qərargahlar tərəfindən idarə olunan hərbi hissə və bölmələrin tapşırığı yerinə yetirmək üçün idarəçilik imkanları ortaya qoyulur. Bu təlimlərdə çox ciddi tapşırıqlar və hədəflər qoyulub. Düşünürəm ki, təlimin ssenarisi iştirak edən şəxsi heyət üçün çox maraqlıdır. Təlimdə zirehli texnika, atəş yayım sistemləri, hərbi hava qüvvələri, hava hücumundan müdafiə vasitələri və pilotsuz uçuş aparatlarının fəaliyyəti geniş istifadə olunacaq. Bütün şəxsi heyətin yüksək peşəkarlıq göstərərək qarşıya qoyulan tapşırıqları yerinə yetirəcəyinə heç şübhəm yoxdur. Çünki, Ordumuz professional ordular istiqamətində inkişaf edir. Hərbçilərimizin peşəkarlığını beynəlxalq yarışlarda görmüşük. Azərbaycan hər zaman birincilər sırasında olub. Bu təlimlərdə də həmin şəxsi heyətin professionallığı əsasında mürəkkəb tapşırıqlar məharətlə yerinə yetiriləcək".



İndiyədək bir neçə dəfə irimiqyaslı təlimlər keçirildiyini xatırladan Ş.Ramaldanov qeyd edib ki, ölkəmizdə sərkərdələr yetişdirilib:

"İrimiqyaslı təlimləri keçirmək, şəxsi heyəti, texnikanı və bütün növ silahlardan istifadə edərək birgə fəaliyyət göstərmək üçün sərkərdə olmaq lazımdır. Keçirilən təlim Azərbaycan Silahlı Qüvvələrinin qarşıya qoyulan tapşırıqları yerinə yetirərək gücləndirilməsinə və şəxsi heyətin təcrübə qazanmasına imkan yaradacaq. Bununla da gələcək döyüş tapşırıqlarının yerinə yetirilməsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi və düşmənin darmadağın edilməsində müəyyən bir baza yaranacaq".







Anar Kəlbiyev
Azvision.az


Teqlər: Təlim   Ordu  





Xəbər lenti