“Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində əsas aparıcı qüvvədir” - Səfir

“Azərbaycan Cənub Qaz Dəhlizi layihəsində əsas aparıcı qüvvədir” -  Səfir
  04 Mart 2020    Oxunub:1985
Azərbaycanla Bolqarıstan arasında enerji sahəsindəki strateji əməkdaşlıq tezliklə öz nəticəsini göstərəcək. Belə ki, bu ilin sonuna kimi Azərbaycanın təbii qazı Bolqarıstana nəql edilməyə başlanacaq.
Azvision.az xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ölkəsinin Azadlıq Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

O bildirib ki, Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində əsas aparıcı qüvvə hesab edir və bu, təkcə ölkəmiz üçün deyil, həm də Avropa üçün təbii qaz təchizatı mənbələri və marşurutlarının diversifikasiyasında mühüm rol oynayır.

“Həm Bolqarıstan, həm də Azərbaycan artıq mövcud olan mükəmməl siyasi əlaqələrimizi, səmərəli münasibətlərimizi iki ölkənin vətəndaşları üçün əhəmiyyətli nəticələrə gətirmək naminə böyük səylə çalışır. Ticarət və iqtisadi, turizm, humanitar sahələrdə, xalqlarımızın əlaqələrində tamamlanması gərəkən böyük potensial vardır”, - deyə diplomat bildirib.

Səfir vurğualyıb ki, Bolqarıstan bütün qonşuları ilə mehriban münasibətləri inkişaf etdirirb: “Bolqarıstan bizə ortaq dəyərlər, iqtisadi rifah, mədəni müxtəliflilik məkanının bir hissəsi olmaq imkanı verən Avropa İttifaqının üzvüdür. Eyni zamanda, NATO-nun sadiq üzvü olmaqla, təhlükəsizlik, sabitlik və sülhün bərqərar olması üçün beynəlxalq və regionla əməkdaşlığı inkişaf etdirir”.

Yankov əlavə edib ki, Azərbaycanla diplomatik əlaqələr 1992-ci ildə qurulub, lakin iki ölkənin xalqları arasında dostluq və əməkdaşlığın tarixi qədim tarixə dayanır.

“Bu gün biz yaxın və dost münasibətlərdən, dinamik yüksək səviyyəli siyasi dialoqdan, getdikcə inkişaf edən ikitərəfli əməkdaşlıqdan məmnunluq duyuruq. 2015-ci ildə Strateji Əməkdaşlıq üzrə birgə bəyannamə imzalanıb. Bu il ölkələrimiz arasında strateji əməkdaşlığın beşinci ildönümü qeyd olunur. O vaxtdan bəri Bolqarıstan-Azərbaycan münasibətləri daha da genişlənib və güclənib”.

Səfir xatırladıb ki, keçən il Bolqarıstanın Baş Nazirinin, parlament spikerinin, Xarici İşlər, Energetika, Mədəniyyət, Əmək naziri, Daxili İşlər nazirlərinin və digər rəsmilərin Bakıya uğurlu səfərləri olub:

“Bu il də Bakıda və Sofiyada çox fəal, səmərəli ikitərəfli səfərlərin və görüşlərin, eləcə də İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın altıncı iclasının keçirilməsi planlaşdırılır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfir  





Xəbər lenti