Bakıda karantində saxlanılan şəxs yoxdur - RƏSMİ

  05 Mart 2020    Oxunub : 2493
 Bakıda karantində saxlanılan şəxs yoxdur - RƏSMİ
Hazırda Bakı şəhərində karantində saxlanılan şəxs yoxdur.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, Bakı sakinləri arasında ara-sıra yüksək qızdırma ilə bağlı 103 xidmətinə və ya Kliniki Tibbi Mərkəzə müraciət edirlərsə onlar müayinə olunur. Həmin şəxslərdə virus aşkarlanmayıb.

"Karantində olan vətəndaşlar əsasən İran-Azərbaycan sərhədini keçənlərdir. Ölkənin başqa regionlarında da vətəndaşlar yoluxma olduğunu öyrənmək üçün özləri müraciət edə bilər və karantinə alına bilər. Belə müraciətlərin sayı çox azdır".

Y.Qarayeva qeyd edib ki, koronavirusa yoluxmuş və ya karantində saxlanılan şəxslərə baxan tibb personalı üçün lazım olan hər şey alınıb.

Bundan əlavə, şöbə müdiri bildirib ki, koronavirusa şübhəli şəxslər 3 əsas karantin xəstəxanasında saxlanılır. Bunlar Astara, CəlilabadQobustan xəstəxanalarıdır. Bir sıra xəstəxanalar isə dəstəkvericidirlər ki, onlarda xəstə şəxs olmur.

Qərargah üzvü əlavə edib ki, sərhəd-keçid məntəqələrində məhdudiyyət müddətinin uzadılması ilə bağlı dəqiq fikir bildirmək mümkün deyil. Bu, vəziyyətin gedişatından asılıdır.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB   Qərargah