“Böyük Partlama” olmayıb? Kvant tənlikləri Kainatın əzəli və əbədi olduğunu göstərir – YENİ NƏZƏRİYYƏ

      “Böyük Partlama” olmayıb?    Kvant tənlikləri Kainatın əzəli və əbədi olduğunu göstərir –    YENİ NƏZƏRİYYƏ
  05 Mart 2020    Oxunub:17771
“No Big Bang? Quantum equation predicts universe has no beginning”. İki astrofizikin nüfuzlu phys.org elmi resursunda dərc olunan və hazırkı kosmoloji modelə xırda düzəlişlər edən məqaləsi belə adlanır. Bu isə o deməkdir ki, artıq buzlar əriməyə və nəhayət ki, “Böyük Partlama”modelindən imtina elm aləminin gündəminə gəlməyə başlayır.
Məqalənin orijinalını buradan oxuya bilərsiniz. Ümumi Nisbilik Nəzəriyyəsinə (ÜNN) tamamlayıcı kvant üzvününün əlavə edilməsilə yaradılan yeni kosmoloji modelə görə, Kainat əzəli və əbədidir, başlanğıcı və sonu yoxdur. Bu modelin çərçivəsində “qaranlıq enerji”, “qaranlıq maddə” və müasir fizikanın bir çox digər problemləri də həllini tapır.

Məqalədə deyilir ki, ÜNN-ə görə, Kainatın hamı tərəfindən qəbul edilmiş yaşı 13,8 milyard ildir. “Big-Bang” nəzəriyyəsinə əsasən, güman edilirdi ki, o, əvvəlcə sonsuz kiçik və sonsuz sıxlığa malik bir nöqtədən - başqa sözlə desək, sinqulyarlıqdan yaranıb. Böyük Partlayış nəticəsində bu nəsnə böyüyərək, Kainata çevrilib. “Sinqulyarlığın özü nədir”, “Böyük Partlamadan qabaq nə vardı” kimi suallara isə “Big-Bang” nəzəriyyəsi cavab vermək iqtidarında deyil. Ümumiyyətlə, “Big-Bang” nəzəriyyəsindəki sinqulyarlıq ÜNN-in ən böyük problemidir, çünki orada fizikanın qanunları işləmir. Bu isə elm üçün yumşaq desək, münasib cavab sayıla bilməz.

Astrofiziklər Əhməd Fəraq Əli (Misir) və Sorya Das (Kanada) qarşılarına belə bir sual qoymuşdular ki, elmdən daha çox mistikaya bənzəyən sinqulyarlığı “Big-Bang” nəzəriyyəsindən necə kənarlaşdırmaq olar? Onların yanaşması məşhur nəzəriyyəçi-fizik Devid Bomun ideyalarına əsaslanırdı. Bom 1950-ci illərdə klassik geodeziya trayektoriyalarının (sferik səthlərdə iki nöqtə arasındakı ən qıza məsafə) kvant trayektoriyaları ilə əvəzlənməsilə məşğul olub. Əli və Das həmin Bom trayektoriyalarına 1950-ci illərdə Hindistanlı fizik Amal Kumar Rayçadxurinin qurduğu tənlikləri tətbiq ediblər. Nəticədə Kainatın genişlənməsini və inkişafını ÜNN çərçivəsində təsvir edən Fridman tənlikləri alınıb. Modeldə həm Kvant Nəzəriyyəsinin, həm də ÜNN-in elementləri var. Əli və Das güman edirlər ki, onların modeli tam formalaşandan sonra Qravitasiyanın Kvant Nəzəriyyəsinə doğru böyük bir addım olacaq.

Yeni modeldə təkcə “Big-Bang” nəzəriyyəsinin sinqulyarlıq problemi aradan qalxmır, eyni zamanda, Kainatın sonunu izah edən “Böyük Sıxılma” və “Böyük Seyrəlmə” kimi ssenarilər də ortadan çıxır. Əli və Das məqalədə izah edirlər ki, məsələ klassik geodeziya xəttlərilə Bom trayektoriyalarının fərqindədir. Belə ki, klassik geodeziya xəttləri sonda kəsişirlər və onların birləşdikləri nöqtə elə sinqulyarlıq deməkdir. Bom trayektoriyaları isə heç vaxt kəsişmirlər, demək, sinqulyarlıq da yaranmır.

Alimlər göstərirlər ki, kosmoloji nəzəriyyədə kvant düzəlişlərinə kosmoloji sabit və radiasiya sabiti kimi yanaşmaq olar. Bu zaman Kainatın mövcudluq müddəti sonsuzluğa bərabər olur. Onlar bu şərtlərin hazırkı müşahidələrlə uzlaşdığını da qeyd edirlər.

Fiziki mənada, əgər obrazlı desək, bu model sanki Kainatın “kvant mayesi” (Efir???) ilə dolu olduğunu təsvir edir. Alimlər güman edirlər ki, bu “maye” qravitonlardan – qravitasiya sahəsini yaradan, kütləsi olmayan hipotetik zərrəciklərdən,- ibarət ola bilər. Əgər onlar həqiqətən də mövcuddurlarsa, Qravitasiyanın Kvant Nəzəriyyəsində vacib rol oynayırlar.

Sorya Das hindistanlı fizik Racat Bxaduri ilə yazdığı başqa bir məqalədə həmin mövzunu daha da inkişaf etdirərək, bildirir ki, əgər qravitonlar həqiqətən də mövcuddurlarsa, Boze-Eynşteyn kondensatını da əmələ gətirə bilərlər (Termin hindistanlı fizik Şatendranat Boze və Albert Eynşteynin şərəfinə belə adlandırılıb).

Sadə dildə ümumiləşdirsək, bütün bunlar o deməkdir ki, Nisbilik Nəzəriyyəsinə bir kvant düzəlişinin əlavə olunması heç vaxt baş verməyən “Big Bang”ı, kainatın genişlənməsini və sonrakı sıxılmasını, “qaranlıq enerji” və “qaranlıq maddə” kimi dolaşıq anlayışları aradan qaldırır. Elmə isə araşdırmaq üçün yeni istiqamət göstərir: Qravitasiyanın Kvant Nəzəriyyəsi. Əlbəttə, qravitonların zərrəcik kimi mövcudluğu şübhəlidir və təsdiqlənməyə bilər, amma bu, ümumi istiqaməti dəyişmir.

“Big-Bang” nəzəriyyəsi ciddi elmə yaraşmayan bir modeldir. O, daha çox mistika, sirr həvəskarları üçün maraqlıdır, ciddi elm həvəskarları isə həsrətlə onun nə zaman real elmi nəzəriyyə ilə əvəzlənəcəyini gözləyirlər. Deyəsən, artıq həmin gün yaxınlaşır.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Elm   Big-Bang   Kainat  





Xəbər lenti