Qazaxda top mərmisi və raket tapılıb

Qazaxda top mərmisi və raket tapılıb
  05 Mart 2020    Oxunub:2761
Martın 5-də saat 10:36-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi Sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Ağköynək kəndi ərazisində yerləşən kanalizasiya quyusunda mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qazax Regional Məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunan ərazidə Ağstafa su kanalına baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 85 millimetrlik top mərmisi (O-365K), ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış zamanı isə 1 ədəd tank əleyhinə idarə olunmayan PQ-9 raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən martın 5-dək 59 əməliyyat çağırışı əsasında 54 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Astara, Füzuli, Göygöl, Xızı, Qazax, Qaradağ, Lənkəran, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz və Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbiristanlığa, çay sahilinə baxış keçirilib, 111 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 5091 ədəd müxtəlif çaplı patron zərərsizləşdirilib, 32 min 630 kvadratmetr ərazi yerüstü və 3 min 636 kvadratmetr ərazi yeraltı yoxlanılıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti