Tovuzda açılan yeni “ABAD” müəssisələri - FOTOLAR

   Tovuzda açılan yeni “ABAD” müəssisələri -    FOTOLAR
  07 Mart 2020    Oxunub:6174
4 mart 2020-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz “ASAN Həyat” kompleksinin açılışı zamanı kompleks daxilində fəaliyyət göstərəcək yeni “ABAD” müəssisələri ilə də tanış olub.
Azvision.az xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev yeni müəssisələr barədə dövlət başçısına ətraflı məlumat veriblər.



Diqqət çəkən yeniliklərdən biri də "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabriki olub. Bildirilib ki, bu Fabrik “Qazax Sement Zavodu” MMC və “Fito Life” MMC-nin dəstəyi ilə 2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və ölkəmizdə ilk dəfə tətbiq edilən avadanlıqlarla təchiz edilmiş "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabrikinin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirməsinə hədəflənib. Fabrikin ərazisi 3000 m2 təşkil edir. Xammal anbarı, hazır məhsul anbarı, su anbarı, qazanxanası və laboratoriyası var. Fabrikdə 3 istehsal xətti qurulub:



- meyvələrin yuyulması, çeşidlənməsi, emalı, qurudulması və paketlənməsi;

- dərman bitkilərinin yuyulması, çeşidlənməsi, emalı, qurudulması və kisələrə doldurulması;

- emaldan keçmiş dərman bitkilərinin üyüdülərək hazır çay məhsulunun istehsalı.

Müasir standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirəcək. Belə ki, fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. Mövsümdən asılı olaraq fabrikdə 30-100 yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin edilməsinə əlavə töhfə verəcək.



Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz “ABAD” regional mərkəzi və Tovuz “ABAD Məktəbi” Təlim Mərkəzinin də fəaliyyəti ilə yaxından tanış olub.

Tovuz “ABAD” regional mərkəzi sayca 6-cı “ABAD” mərkəzidir. Digər Mərkəzlərdə olduğu kimi bu mərkəzin də əsas təyinatı Gəncə-Qazax iqtisadi rayon üzrə vətəndaşların ölkəmizin sosial-iqtisadi fəaliyyətində fəal iştirakını təmin etmək və rəqabətə davamlı ailə bizneslərinin, mikro və kiçik sahibkarların formalaşdırılmasına əlavə töhfə verməkdir.



İki mərtəbəli mərkəz binası “ABAD” xidmətlərindən yararlanmaq üçün müraciət edəcək vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsi üçün bütün zəruri şəraitlə təmin edilib.

Tovuz “ASAN Həyat” kompleksinə daxil olan infrastruktur obyektlərindən biri də “ABAD” publik hüquqi şəxsin növbəti, sayca 4-cü “ABAD” Məktəbidir. Bu məkanda region gənclərinin tikiş, rəssamlıq, turizm, saz musiqi alətinin hazırlanması, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.



Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs cənab prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd - Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.





Azvision.az


Teqlər: Tovuz   ABAD  





Xəbər lenti