Azərbaycanda ulduzlara ən yaxın olan yer - REPORTAJ (FOTOLAR)

Azərbaycanda ulduzlara ən yaxın olan yer -  REPORTAJ (FOTOLAR)
  11 Mart 2020    Oxunub:26102
Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.
Azvision.az xəbər verir ki, 1959-cu ildə yaradılan və dünyanın ən böyük rəsədxanalarından olan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında astronomiyanın tarixi, nəzəri tədqiqatlar, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif Kosmik hava faktorlarından (Günəş fəallığı, maqnit fırtınaları və s.) asılılığı və digər problemlər üzrə tədqiqatlar aparılır.



ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Azvision.az-a bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası bu gün nəzəri elmi tədqiqatlarla yanaşı, müasir standartlara tam cavab verən üsul və metodlarla, səma cisimlərinin müşahidəsində dünyanın aparıcı rəsədxanalarında istifadə olunan analoji cihaz və qurğulardan yararlanaraq astrofizikanın aktual problemlərini həll etmək imkanı olan modern institutdur.



““Beynəlxalq “Clarivate Analytics” şirkəti tərəfindən keçirilmiş müsabiqə nəticəsində 2018-ci ildə ŞAR Azərbaycan üzrə regional elmi müəssisələr arasında məhsuldarlığına görə birinci yerə layiq görülüb. Aparılan məqsədyönlü elmi-təşkilati işlərin nəticəsidir ki, son illərdə ŞAR əməkdaşlarının impakt faktorlu elmi jurnallarda dərc olunmuş məqalələrinin sayı 3 dəfə artıb. Rəsədxananın beynəlxalq elmi əlaqələri son illərdə yüksək dinamika ilə inkişaf edir".



Direktorun sözlərinə görə, ŞAR əvvəlcə Avropa Birliyinin Fp7 proqramı üzrə meqaqrantının, daha sonra 2019-cu ildə "Horizon 2020" qrant layihəsinin qalibi olub. Bu qrant layihə çərçivəsində 4 il müddətində 5 Avropa və 3 Cənubi Amerika ölkəsindən olan astronomlarla birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.



ŞAR-ın şöbə müdiri Caməmməd Rüstəmov qeyd edib ki, rəsədxanada hazırda elmi tədqiqatlar əsasən səma cisimlərinin dinamikası və fizikası istiqamətinə daxil olan iki problem üzrə aparılır: “Ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi” (göy cisimlərində baş verən qeyri-stasionar proseslərin və onların təbiətinin tədqiqi) və “Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası” (Günəş atmosferində fəal qurumların dinamika və fizikası, Günəş-Yer əlaqələri, planet atmosferlərinin və onların peyklərinin tədqiqi, komet, asteroid, Günəş sistemi cisimlərinin hərəkəti, onların quruluşu, fizikası və təkamülü).



“Rəsədxananın 1969-cu ildən bəri fəaliyyət göstərən 2 metrlik teleskopunda (Zeiss 2000) hidravlik, elektrik sistemləri yenidən qurulduqdan sonra idarəetmə sistemi avtomatlaşdırılıb.
Kənardan elə təsəvvür yaranır ki, biz səhərə qədər bir gözümüzlə teleskopdan baxırıq. Bu, belə deyil. Artıq hər şey avtomatlaşdırılıb. Bütün məlumatlar digər otaqda olan kompüterlərə gəlir və biz orada ulduzun spektirinə baxırıq. Spektri köçürüb, iş otaqlarında onu təhlil edirik. Ulduzların parametrik kütləsi, radiusu, kimyəvi tərkibi və digər fiziki parametlərini təyin edə bilirik”.



ŞAR-ın elmi işçisi Famil Mustafa bildirib ki, rəsədxanada əsas tədqiqat obyektləri Günəş və Günəş sisteminə daxil olan planetlər, planetlərin peykləri, kometlər, asteroidlər, qalaktika və qalaktikalar toplusudur.

“Bütün tədqiqat işlərini biz beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetiririk. Amerika, Rusiya, Almaniya, Kanadanın astronomik təşkilatları ilə geniş əlaqələrimiz var. Son olaraq burada Mars, Yupiter və Yupiterin peykləri tədqiq olunur. Planetlərdəki dəyişikliklər müşahidə edilir. Bu gün planetlərdə çox şey kəşf edilib. Amma ulduzlarda hələ aşkar edilməmiş faktlar çoxdur. Ona görə də ulduz daha aktualdır, nəinki planetlər”.

Rəsədxanada daha kiçik ölçülü 5 teleskop da var ki, onlarla daha yaxın səma cismləri müşahidə edilir.



Bundan əlavə, rəsədxanada Astronomiya tarixi muzeyi fəaliyyət göstərir. Muzey rəsədxananın və bütövlükdə astronomiyanın təbliğində vacib rol oynayır. Muzeydə avtomatlaşdırmadan öncə 2 metrlik teleskopun idarəetmə pultu, Azərbaycana düşdüyü bilinən ilk dəmir meteorit saxlanılır. 127 kq-lıq meteorit 1959-cu ildə Yardımlı rayonunun Ərus və Jiy kəndləri ərazisinə düşüb.



Gözəl təbiət qoynunda yerləşən rəsədxana turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Son illər bura gələnlərin sayında artım müşahidə edilir. Rəsədxana ərazisində elmi işçilərin qaldığı xidməti evlərlə yanaşı, yerli və xarici turistlərin gecələməsi üçün qonaq evləri də var.

























Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Şamaxı   Rəsədxana  





Xəbər lenti