“Dolların satış qiyməti qalxmayıb, əksinə azalıb” - ABA sədri

  10 Mart 2020    Oxunub : 3222
 “Dolların satış qiyməti qalxmayıb, əksinə azalıb” - ABA sədri
Bankların dollar satışını dayandırması və ya məhdudlaşdırması ilə bağlı xəbərlər yalandır. Bütün banklar aktiv şəkildə dollar satışını həyata keçirir.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən banklar həm nağdsız, həm də nağd şəkildə dollarla təmin olunublar.

“Heç bir bankda dolların satışının dayandırılması və ya məhdudlaşdırılmasından söhbət gedə bilməz. Ötən günlərlə müqayisədə dollara təlabat artıb və buna adekvat olaraq banklar gərgin iş rejimində çalışır. Bu, dünyada koronavirusun yayılması, bunun fonunda neftin qiymətinin aşağı düşməsi, qonşu ticari tərəfdaşımız olan ölkələrin valyutalarında baş verən dəyişikliklə əlaqədardır. Dollara təlabatın artması kompleks məsələlərin fonunda baş verir”.

Z.Nuriyev qeyd edib ki, bu gün banklar dolları maksimum 1.7025 qiyməti ilə satırlar. “Bu, həftənin sonu olan dolların satış qiymətindən 0,0005 punk aşağıdır. Yəni dollara təlabat artsa da, onun satış qiyməti nəinki qalxıb, hətta azalıb”.

Aytən Zəhra
Azvision.az

Teqlər: ABA   Dollar